Məhkəmə qərarları › İş №2(067)-685/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-685/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-685/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nəvənin saxlanılması üçün alimentin tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən cavabdehin nəvələri, yəni övladları xx.xx.2005-ci il təvəllüdlü oğlu X6 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün hər ay cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2005-ci il təvəllüdlü övladları İlyasın və İsanın nənəsidir. Uşaqlarının atası X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-722/2013 saylı qətnaməsinə əsasən ona cəmi 120 manat aliment ödəməli olsa da, o, alimenti ödəmir, buna görə barəsində hökm də çıxarılmış və o, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, tüfeyli həyat keçirir. Ona görə övladlarının nənəsindən aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, uşaqlarının atası bir neçə dəfə aliment ödəmişdir, uzun müddətdir ki, aliment ödəmir, o, 2 dəfə poçtla aliment göndərmiş, 1 dəfə də şəxsən aliment ödəmişdir. Uşaqların atası fərdi işlərdə işləyir, onun qazancı, nə qədər pensiya alması barədə məhkəməyə təqdim edəcəyi sübutları yoxdur. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 079519 saylı, AZ-İİ seriyalı 079520 saylı, doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, X11 ilə İddiaçı birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü X15 adlı 2 uşaqları anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)- 722/2013 saylı qətnaməsinə əsasən X9 İddiaçı xeyrinə 3 uşağın yetkinlik yaşına şatanadək saxlanılmaları üçün cəmi 120 manat alimentin ödənilməli olduğu qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, X7 1440 manat məbləğində ödənilməmiş borcu vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. AM-in 56.1 və 58-ci maddələri, X14 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X14 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X14 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X4 X14 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə qeyd edir ki, iddiaçı ananın da istinad etdiyi AM-in 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi baba və nənənin nəvələrini saxlamaq vəzifəsinin yaranması üçün iki şərt tələb olunur. Bunlardan birincisi nəvələrinin öz valideynlərindən aliment ala bilmədikləri müəyyən olunmalı, ikinci şərt isə aliment öhdəliyinin yaranması üçün baba və nənənin nəvələrini saxlamaq üçün zəruri imkanlara malik olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinin və AM-in 75.1-ci maddəsinin tələbinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ilk növbədə valideynlərin vəzifəsidir. Aliment alan uşaqların valideynləri sağ-salamat olduqda, əmək qabiliyyətli olaraq uşaqlarının yaşayışını təmin etmək iqtidarındadırlarsa, baba və nənədən alimentin tələb edilməsi yolverilməzidir. Hazırda öyrənilən işdən bəlli olur ki, uşaqların valideynləri sağ-salamat olmaqla əmək qabiliyyətlidirlər və belə bir vəziyyətdə nənəyə münasibətdə kifayət qədər daha güclü imkanlara və əmək qabiliyyətinə malik olan, biavasitə qanunla üzərinə uşaqları saxalmaq vəzifəsi qoyulmuş bir şəxsin təqaüddə olan şəxsdən öz övladını saxlamaq üçün aliment tələb etməsi qəbuledilən sayıla bilməz. Bununla yanaşı cavabdehlərin mütəmadi müalicəyə və sağlamlıq vəziyyətlərinin müayinəsinə ehtiyacları var. Cavabdehlərin nəvələrinə aliment ödəmək üçün yetərli vəsaitə malik olmasını sübut etmə vəzifəsi bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən qeyd edilən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X16 Məhkəməsi «X2rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı nəvənin saxlanılması üçün alimentin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar