Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-709/2022 09.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və sair barədə iddia ərizəsi üzrə mülki işə 09 mart 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 2 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 196 manat sabit pul məbləğində alimentin, uşağın dünyaya gəlməsi üçün ödənilən 1710 manat məbləğində pulun, uşağin 3 yaşı tamam olana kimi lazım olan xərclər nəzərə alınaraq əlavə məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 28.08.2014-cü il təvəllüdlü X4 və 04.10.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Sonuncu övladına hamilə olduğu dövrdə səhhətində ciddi problemlər yaranmış, onun və bətnindəki körpənin həyatı üçün ciddi təhlükə yaranmışdır. Cavabdehdən ona heç bir yardım göstərilmədiyi üçün atası evinə qayıtmışdır. Vəziyyətinin ciddiliyi ilə əlaqədar uşağın dünyaya gəlməsi «X11» xəstəxanasının doğum şöbəsində keysəriyyə əməliyyatı ilə həyata keçirilmişdir. Bu zaman cavabdeh xəstəliyi və uşağın dünyaya gəlməsi üçün lazım olan xərcləri ödəməkdən boyun qaçırmış, bütün xərcləri atası çəkmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır, heç bir maddi yardım göstərmir. Onun səhhətində isə problem qalmaqda davam edir. Qəbul etdiyi dərmanqlarla əlaqədar körpəsi ana südü ilə deyil süni qida ilə qidalanır. Bu da artıq məbləğ tələb edir. Övladlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, X6 Xudat istismar sahəsində mühəndis vəzifəsində işləməklə ştat üzrə əmək haqqı 520 manat, tutulmalar çıxdıqdan sonra 442 manat tşkil edir. Məlum olduğu kimi 2 uşağın saxlanması üçün qazancının 1/3 hissəsi miqdarında altment tutulur. İkinci uşaq doğulmamışdan əvvəl iddiaçının hamilələiyi dövründə «Bank Respublika» ASJ-nin Xaçmaz filialından ailəsinin ehtiyacları üçün 3500 manat, 18 faiz ödəmək şərti ilə kredit almışdır. Bank qarşısında öhdəliyi vardır və aylıq ödənişi 174,77 qəpik təşkil edir. Həmin vəsaiti çıxdıqdan sonra 268 manat pul qalır. Qanuna görə qazancının yarı hissəsi 134 manat təşkil edir. Ona görə də 2 uşağın saxlanması üçün əmək haqqından hər uşağa görə 45 manat pulun tutulub iddiaçıya verilməsinə etiraz etmir. 1710 manat məbləğində pulun tutulması hissəsi ilə əlaqədar bildirmişdir ki, onrun bütün qazancı və bankdan aldığı 3500 manat kredit məbləği ailənin ehtiyacları üçün o cümlədən iddiaçının müalicələri üçün xərclənmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 28.08.2014-cü il təvəllüdlü X4 və 04.10.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışından müəyyən olunur ki, Cavabdeh X6 Xudat istismar sahəsində mühəndis vəzifəsində işləməklə əmək haqqısı 520 manat təşkil edir. İş materiallarında olan «Bank Respublika» ASJ-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 10.06.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 18% ödəmək şərti ilə 3500 manat kredit verilmişdir. İş materiallarında olan X11 mərkəzinin 17.01.2022-ci il tarixli 59/22 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı 04.10.2021-ci il tarixdə «X11» klinikasında keysəriyyə əməliyyatı nəticəsində diri oğlan uşağı dünyaya gətirmişdir. Boy-49 sm, çəki- 2790 qr. Klinikaya ödənilən məbləğ 1710 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 24 yanvar 2022-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarda (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətinin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlər hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinin tələblərinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcədə gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşaqların mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 28.08.2014-cü il təvəllüdlü X1 və 04.10.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 yanvar 2022-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 165 manat sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 1710 manat məbləğində pulun yarısı, yəni 855 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə aid hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-709/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-709/2022
09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver