Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-731/2025 10.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi. İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq 21 dekabr 2012-ci il təvəllüdlü oğlu Rəvanın saxlanılması üçün həddi buluğa çatana qədər hər ay 250 manat aliment onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə 03 aprel 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 21 dekabr 2012-ci il tarixli oğlu Rəvan dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşamış, lakin sonradan ailə münasibətləri pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin 2015-ci il tarixli, 2(067)-52 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Artıq 12 ilə yaxındır ki, onlar rəsmi olaraq ayrılmış və ayrı-ayrı ünvanlarda yaşayırlar. Uşağı ilə birlikə valideynlərinin evində yaşayır. Uşağının saxlanılmasına valideynlərinin köməkliyi sayəsində olur. Ona görə də cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir. Atası evinə qayıdandan artıq 12 ildir keçməsinə baxmayaraq, cavabdeh bir dəfə də olsun nə onunla nə də uşağı ilə maraqlanmamışdır. Cavabdehin maddi imkanı xeyli yüksəkdir. Cavabdeh MAXE işləməklə yüksək məvacib alır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehdən oğlunun saxlanması üçün aliment tələb edir. Cavabdeh 5-6 ayda bir dəfə 50-100 manat pul verir. Alimentin məbləğini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, N saylı hərbi hissədə işləyir. Boşanandan sonra uşağı bağça və məktəbə gedəndə onunla qalıb, ona özü baxmış, iddiaçı isə hərdən gəlib uşağa baxıb getmişdir. Ona görə o da iddiaçıdan uşağın onunla qaldığı illərə görə aliment tələb edəcək. 2024-cü ilin dekabrın 27-də uşağı iddiaçının yanında olub. Bu günədək də iddiaçı ilə qalır. O, öz uşağına pul ödəyir. Ordu sıralarından tərxis olunmuş, keçən ilin noyabr ayının 10-dan yeni müqavilə bağlamış, 760 manat maaş alır. Yeni nikaha daxil olmuş, həmin nikahdan da 1 uşağı var, ailəsi ilə kirayədə qalır. Mediasiyada olarkən iddiaçıya uşağı üçün ayda 190 manat aliment ödəməyi təklif etmiş, lakin razı olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Xaspoladova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 21 dekabr 2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-52 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X6 arasında olan xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan X3 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, təəflər X3 iştirak etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin yanvarın 1-dən minimum əməkhaqqının məbləği 345 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15№li qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş “8.4-1-ci maddəsində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, alimentin məbləği Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ölkə üzrə 2024-cü ilin minimum əməkhaqqı məbləğinə uyğyn indeksasiya edilməlidir Məhkəmə tərəfin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş, 21 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 189 manat müəyyən olunduğundan, iddianın qiyməti 189 manat x 12 aya=2268 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 42.68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və 21 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay iddiaçının xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən 42.68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 21 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən 42.68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-731/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-731/2025
10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver