Məhkəmə qərarları › İş №2(067)-811/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-811/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-811/2024 30.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X2, Cavabdeh Minatulla oğlunun, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh Minatulla oğluna qarşı “uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə xərc” tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 məhkəmədə iddia qaldıraraq, Cavabdeh Minatulla oğlundan 26 yanvar 2022-ci il doğumlu X4 3 (üç) yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh Minatulla oğlu ilə 29 mart 2021-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan 26 yanvar 2022-ci il doğumlu X7 adlı uşağı var. Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1091/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Qətnaməyə əsasən uşaq onun himayəsinə verilmişdir, eləcədə hər ay Cavabdeh Minatulla oğlundan 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Oğlu X4 sağlamlığı ilə bağlı çox ciddi problemləri var. Tez-tez həkim nəzarətində olur və mütəmadi olaraq müvafiq dərmanlar qəbul edir. Oğlunun sağlamlığı ilə bağlı müvafiq həkim sənədləri var, eləcə də oğlunun real şəkilini məhkəməyə rəsmi olaraq təqdim edir. Belə ki, oğlu X7 təcili olaraq əməliyyat olunmalıdır. Həkimlərin bildirdiyinə görə tez bir vaxtdla əməliyyat olunmasa gələcəkdə uşaqda çox ciddi problemlər olacaqdır. Əməliyyatın həyata keçirilməsi üçün təxminən 3000 (üç min) manata yaxın ödəniş lazımdır. Hesab edir ki, övladının sağlamlığı ilə bağlı bütün problemlərin həll olunmasında cavabdeh ata olaraq yaxından iştirak edib maddi dəstək verməlidir. O, çox çətin maddi durumdadır. Alimentdən başqa heç bir yerdən gəliri yoxdur. Uşaq isə böyüyür və onun maddi tələbatları getdikcə artır. Cavabdeh uşağının normal böyüməsi üçün ona qayğı göstərməli, onun bütün ehtiyaclarını tam ödəməlidir. Bu onun həm atalıq borcudur, həm də qanunun onun qarşısında qoyduğu birmənalı tələbdir. Buna görə də o, hesab edir ki, onun iddia tələbi təmin edilməli və uşağın 3 (üç) yaşına çatana kimi saxlanması üçün Cavabdeh Minatulla oğlundan hər ay 150 (yüz əlli) manat tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı X5 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, o, uşaq balaca olduğu üçün işləyə bilmir. Yəni, uşağa baxır. Üstəlik uşaq əməliyyat olunmalıdır. Əks təqdirdə gələcəkdə uşaq üçün problem yarada bilər. Həkim demişdi ki, 2 yaşına kimi əməliyyat olunmalıdır. Hazırda uşağın 2 yaş 3 aylıqdır. Cavabdeh ona kömək etsəydi, o, uşağı əməliyyat elətdirər. O, pulu əməliyyat olunması üçün istəyir. Çünki çətinlik çəkir. Cavabdeh alimenti ödəyir. 220 manat aliment təyin olunub. Məhkəmə iclasında Cavabdeh Minatulla oğlu və onun vəkili iddianın təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(027)-1091/2023 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin nikahı pozulmuş və birgə nikahdan olan 26 yanvar 2022-ci il doğumlu X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Minatulla oğlundan hər ay 220 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçının uşağın 3 yaşına çatanadək 150 manat maddi yardım verilməsinə dair məhkəməyə verdiyi iddia tələbi mötəbər sübutlar təqdim olunmadığından, habelə cavabdehin kömək göstərməkdən imtina etməsi, eləcə də zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X2 Cavabdeh Minatulla oğluna qarşı “uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə xərc” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar