Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-877/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-865/2020 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X7 oğlunun və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 60 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-865/2020 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası təmin olunaraq ondan xx.xx.2011-ci il təvəllüdlü X7 oğlunun və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 140 manat olmaqla 280 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin zaman xəstə olduğundan mövcüd qətnamə ilə bağlı keçirilən iclaslarda iştirak edə bilməmişdir. Xaçmaz RMX-da “Şəkərli diabet tip İİ” diaqnozu ilə həkim-endokrinoloqun dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar tez-tez koma vəziyyətinə düşür, buna görə də əmək qabiliyyəti yoxdur. Cavabdeh isə uzun müddətdir ki hər ay 223 manat ünvanlı sosial yardım alır, ödənilən alimenti isə uşaqlara xərcləmir, müxtəlif şəxslərdən aldığı borc əvəzi kimi ödəyir. Hər uşaq üçün 50-60 manat olmaqla aliment ödəməyə maddi imkanı var, bundan atrıq ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə bildirmişdir ki, hal-hazırda rəsmi iş olaraq fəhlə vəzifəsində işləyir və aylıq 250 manat əmək haqqı alır. Şəkərli diabet xəstəsi olduğundan aldığı məvacib onun müalicəsinə xərclənir. Əvvəllər ona sosial yardım kartı verilmişdir və ona hər ay 223 manat məbləğində sosial yardım köçürülürdü. Lakin o, həmin sosial yardım kartını keçmiş arvadına vermişdir ki, aliment əvəzi oradan pulları çıxarıb uşaqlarına xərcləsin. Hal hazırda ona sosial yardım ödənilmir və aliment ödəməkdə çətinliklər yaşayır. Buna görə də aliment məbləğinin azaldılmasına dair iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, işə mahiyyəti üzrə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-865/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 oğlununn və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 140 manat olmaqla 280 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh qızına verilməsi qət edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən” (№xxxxxxx000600) görünür ki, İddiaçı “xxxx” MMC-də fəhlə vəzifəsində işləyir və aylıq 250 manat əmək haqqı alır. İş materiallarında olan Xaçmaz rayon X6 Hüquqi Şəxs tərəfindən verilmiş arayışdan görünür ki, 1986-cı il təvəllüdlü Xaçmaz şəhəri, Xanlar küçəsi 7 saylı evin sakini İddiaçı Xaçmaz rayon Mərkəzi Xəstəxanasında “Şəkərli diabet tip İİ” diaqnozu ilə həkimendokrinoloqun dispanser qeydiyyatındadır. Məhkəmə iclas zalında iddiaçı məhkəməyə “******************** saylı hesabdan çıxarışı” təqdim etmiş və həmin çıxarışın iş materiallarına əlavə edərək, iddianın əsasnlandırdığı hallara aid olduğunu, iş üzrə sübut qismində qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan sənədi nəzərdən keçirib hesab edir ki, ******************** saylı hesabın kimə məxsus olduğunu, hesaba köçürülən məbləğin kim tərəfindən alınması, ümumiyyətlə təqdim olunan hesabdan çıxarışda müvafiq bank tərəfindən verilməsi barədə təsdiqedici qeydlərin olmaması həmin sənədin sübut qismində qiymətləndirilməsi istisna olunur. İddiaçı tərəfindən iddia ərizəsinə Cavabdeh rəsmi nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-dən 1829 manat məbləğində kredit götürməsi haqqında bir il müddətinə bağlanmış müqavilənin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) busübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki,uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-877/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-877/2021
16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver