Məhkəmə qərarları › İş №2(067)-948/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-948/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-948/2022 04.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh2 QSC –nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Xaçmaz şəhəri 1 saylı Notariat Kontoruna və Cavabdeh2 QSCyə qarşı ipoteka müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın ipotekadan çıxarılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X4 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 11M000000205 saylı ipoteka müqaviləsinin etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli , 5 otaqlı, ümumi sahəsi 264.7 kv. m. olan yaşayış evinin ipotekadan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 QSC-i ilə əri X4 arasında baglanmış xx.xx.2012-ci il tarixli, 11M000000205 saylı ipoteka müqaviləsinə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 264.7 kv. m. olan yaşayış evi ipoteka qoyulmuşdur. Həyat yoldaşı X4 xx.xx.2015-ci ildə vəfat etmişdir. Bildirir ki, həyat yoldaşı 2012-ci ildə evlərini ipoteka qoyması barədə məlumatı olmayıb. Bu barədə bu yaxınlarda Xaçmaz rayon məıhkəməsində Cavabdeh2 QSC-nin həyat yoldaşı X2 və digərlərinə qarşı iddia qaldıraraq evinə bildiriş və digər müvafiq sənədlər göndərildiyində xəbəri olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 QSC–nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı əri ilə tam qanun şəkildə ipoteka müqaviləsi bağlanılıb və ünvan 2 ünvandakı ev ipoteka ilə Cavabdeh2 QSC-nin hesabına yüklü edilib. Həmin vaxt evin ipoteka ilə yüklü edilməsinə İddiaçı özü də razılıq verib və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə yazıb. Ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı və cavabdeh Xaçmaz şəhəri 1 saylı Notariat Kontoruna lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onlkarın məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat konturunda təsdiq olunmuş iddiaçının ərizəsindən müəyyən olunur ki, xx.xx.2012-ci il tarixli ərizəsində əri X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 264.7 kv. m. olan yaşayış evinin Accessbank QSC-nin Xaçmaz filialına ipoteka qoyulmasına etiraz etməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı iddia ərizəsində əri X1 2012-ci ildə ünvan 2 ünvandakı evi ipotekaya qoyulmasından xəbərsiz olduğunu bildirsə də, təsdiq olunmuş və iş materiallarına əlavə olunmuş notariat işindən görünür ki, iddiaçının sözügedən evin ipotekaya qoyulmasından xəbəri olmuş və o, bununla bağlı müvafiq ərizəsini notarial qaydada imzalamışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Xaçmaz şəhəri 1 saylı Notariat Kontoruna və Cavabdeh2 QSCyə qarşı ipoteka müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın ipotekadan çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar