Məhkəmə qərarları › İş №2(067)-970/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-970/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-970/2020 09.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun X4 atası olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh xx.xx.2009-cu il tarixdə oğlan uşağı dünyaya gətirmişdir. Onların münasibətləri birgə yaşadıqları dövrdə normal olmuş, lakin sonradan cavabdeh oğlan uşağı dünyaya gətirdiyinə görə münasibətləri pisləşmiş və onlar ayrılmaq qərarına gəlmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarındakı nikah pozulmuşdur. Həmin dövrdə o, uşağın ondan olmaması səbəbindən atalığın ləğv edilməsi ilə bağlı iddia qaldırmamışdır. 9 ildən artıq bir müddət idi ki, cavabdehlə heç bir münasibətləri olmamışdır. xx.xx.2019-cu il tarixli Sumqayıt Şəhər Məhkəməsinin icra vərəqəsi ilə bağlı İcra Şöbəsinin ona xəbərdarlığından sonra hazırki iş üzrə cavabdehin ona qarşı alimentin müəyyən edilməsinə dair iddiası üzrə qətnamə çıxarıldığını bilmişdir. Birgə nikahdan doğulduğu iddia edilən X4 atası o, deyildir və bununla bağlı istənilən analiz və ekspertizanın keçirilməsinə razıdır. Cavabdehlə aralarında rəsmi nikah xx.xx.2008-ci ildə bağlanmış, xx.xx.2009-cu il tarixdə təxminən 5 aya yaxın bir müddətdə uşaq dünyaya gəlmişdir. Uşağın anadan olması faktı barədə Xaçmaz rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə də verilmişdir. Qeydiyyat aparılan vaxt cavabdeh onunla nikahda olduğu üçün uşağın atası, cavabdehin əri kimi o, göstərilmişdir. Ancaq uşağın bioloji atası o deyil. Bu hal onunla təsdiqlənir ki, nikahlarının bağlanmasından 5 aya kimi bir müddətdə uşaq dünyaya gəlməsi mümkün deyil. Göstərilənlərlə əlaqədar o, məhkəmədə iddia qaldırmış, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək onun və həmçinin nümayəndəsi və vəkili X2 iştirakları olmadan mülki işə baxılmasını və müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh dindirilərkən izahatında göstərmişdir ki, iddiaçı ilə xx xxxxxxx 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2009-cu ildə Fərid adlı oğlanları anadan olmuş, oğlu üçün iddiaçı doğum haqqında şəhadətnamə də almışdır. Onların münasibətləri birgə yaşadıqları dövrdə normal olmuş, lakin sonradan münasibətləri pisləş və onlar ayrılmaq qərarına gəlmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarındakı nikah pozulmuş və oğlu Fərid onun himayəsinə verilmişdir. Həmin vaxtdan o, uşağını tək böyütmüş, iddiaçı isə uşağı ilə maraqlanmamışdır. Uşaq xəstə olmuş, lakin yenə də bu iddiaçını maraqlandırmamışdır. Bu vaxta kimi anasının vəsaiti ilə uşağını saxlasa da, sonradan maddi imkanları olmadığına görə o, iddiaçıdan uşağının saxlanılması üçün aliment tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıdan oğlu Fəridin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat alimentin tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ötən müddət ərzində iddiaçı uşağı üçün müəyyən edilmiş alimenti ödəməkdən boyun qaçırır, buna görə hətta onun barəsində axtarış qərarı da çıxarılmışdır. Hazırda o, aliment ödəməkdən yayınmaq üçün uşağının barəsində atalığının ləğv edilməsinə dair iddia qaldırmışdır. İddia tamamilə əsassızdır. Əgər iddiaçı uşağının atası olmasından şübhə edirdisə bu vaxta kimi niyə bu barədə heç nə demirdi? Onun məqsədi yalnız aliment öhdəliyindən boyun qaçırmaqdır. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2010cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı xx.xx.2008-ci il tarixli rəsmi nikah qeydi pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X1 Minarə Ferzilahovnanın himayəsində saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 130063 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasındakı rəsmi nikah qeydinin pozulması xx.xx.2011-ci il tarıxdə qeydə alınmışdır. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdı. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Bununla yanaşı, MPM-in 82.3-cü maddəsi nəzərdə tutur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 atası olması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 atası olması halı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyindən bu halın iddiaçı tərəfindən mübahisələndirilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar