Məhkəmə qərarları › İş №2(067)-990/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-990/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-990/2025 13.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2016-cı təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa sabit pul şəkilində 246 manat, yəni iki uşağa 492 manat məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan iki övladları anadan olmuşdur: xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6. Uşaqlar onun himayəsindədir. Cavabdehlə nikahı pozulmuşdur. Özünə məxsus evdə yaşayır. Dəfələrlə cavabdehə şifahi olaraq bildirmişdir ki, ona uşaqları saxlamaqda köməklik etsin. Cavabdeh könüllü olaraq ona köməklik etmək istəmir. “Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən 2025-ci il üçün yaşayış minimum hər ay hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdehlə nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Uşaqlar onun himayəsindədir. Aralarında olan razılaşmaya əsasən cavabdeh hər ay hər uşağa görə 170 manat aliment ödəməlidir, lakin heç nə ödəmir. Dəfələrlə uşaqların saxlanmasında ona köməklik göstərməsini bildirsə də, cavabdeh heç bir köməklik göstərməmişdir. “Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən 2025-ci il üçün yaşayış minimumu hər ay hər uşaq üçün 246 manat müəyyən edildiyinə görə hesab edir ki, cavabdehlə onun arasında bağlanmış Barışıq Sazişi alimentə aid hissədə onun və övladlarının marağını pozur, ona görə də, cavabdehdən qanuna uyğun daha yüksək məbləğdə aliment məhkəmə qaydasında tutulmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Hər ay 170 manat aliment ödəyə bilər. Maddi vəziyyəti çox aşağı olduğuna görə aliment ödəməmişdir. Bundan sonra alimenti ödəməyə çalışacaq. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. - Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər xx.xx.2015-ci ildə nikaha daxil olublar. - doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-2526/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X7 ilə Cavabdeh arasında Siyəzən rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış 29 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 himayəsi və aliment ödənilməsi barədə valideynlər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişinin olduğu nəzərə alınmışdır. - xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən müəyyən olunur ki, birinci tərəf (X7) və ikinci tərəf (Cavabdeh) nikahlarının davam etdirilməsinə razı olmadıqlarını, nikahlarının pozulmasında israrlı olduqlarını bildirdilər. Danışıqlar zamanı ikinci tərəf (Cavabdeh) birinci tərəfin (X7) qarşısında öhdəlik götürdü ki, uşaqları 18 iyun 2016-cı il təvəllüdlü X3 və 31 oktyabr 2018-ci il təvəllüdlü X4 18 yaşlarına çatana kimi saxlanmaları üçün hər uşağa 170 (yüz yetmiş) cəmi 340 (üç yüz qırx) manat aliment pulunu 2024-cü ilin iyul ayından başlayaraq hər ayın 30-na kimi birinci tərəfin (X7) adında olan Leobankın 4098-5844- 9434-8137 saylı kartına ödəyəcəkdir. Danışıqlar zamanı ikinci tərəf (Cavabdeh) öhdəlik götürdü ki, 10 gün ərzində evində saxlanılmış birinci tərəfə (X7) məxsus bütün cehiz əşyalarını və mebellərini tam qaydada qaytarıb verəcəkdir. Danışıqlar zamanı birinci tərəf (X7) öhdəlik götürdü ki, uşaqları 18 iyun 2016-cı il təvəllüdlü X5 və 31 oktyabr 2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günlərində saat 10.00-dan saat 19.00 kimi ataları ikinci tərəflə (Cavabdeh) ilə görüşməsinə şərait yaradacaqdır. Tərəflər qəbul edilmiş öhdəliklərə məsuliyyətlə yanaşaraq icra edəcəklərinə öhdəlik götürmüşlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki uşaqları vardır. Tərəflər arasında bağlanmış nikah Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2526/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. Alimentin ödənilməsi hissəsində cavabdeh Barışıq Sazişinin şərtlərinə əməl etməmiş, hər uşaq üçün razılaşdırılmış aylıq 170 manat məbləği ödəməmişdir. Barışıq Sazişinin alimentə aid hissəsi iddiaçının və uşaqlarının marağını pozur. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ona görə də, alimentin məbləği məhkəmə tərəfindən hazırda mövcud olan minimum aylıq əməkhaqqı məbləğinə uyğun təyin edilməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2025-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Barışıq Sazişi ilə bir uşağa görə aylıq 170 manat müəyyən edilmiş alimentin miqdarı 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum aylıq əməkhaqqının 0,5 mislini təşkil edir. Ona görə də, aliment tələbi barədə iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində (400x0,5=208 manat) sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçının iddia ərizəsi təmin edildiyindən, yəni alimentin məbləği bir uşağa görə minimum aylıq əməkhaqqının 0,5 misli (200 manat) müəyyən olunduğundan, iddianın qiyməti 200 manat x 12 ay=2400 manat təşkil edir. 2 uşaq üçün cəmi məbləğ 4800 olduğu halda, cavabdehdən 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar