Məhkəmə qərarları › İş №2(068)-172/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-172/2022

02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-172/2022 02.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi, anası Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 18 fevral 2020-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Hüseyn adlı övladları dünyaya gəlmişdir. Övladları anadan olduqdan sonra cavabdeh iddiaçını atıb getmiş, bu illər ərzində iddiaçı və uşağı ilə maraqlanmamışdır. İddiaçı cavabdehdən uşağın saxlanması üçün maddi yardım istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək heç bir köməklik etməmişdir. İddiaçı cavabdehlə faktiki ayrıldığı gündən uşaq onun yanında qalır. Maddi imkanı ağır olduğu üçün uşağın təlabatlarını ödəmək iqtidarında deyil. İddiaçının nümayəndəsi, anası Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, iddiaçı hal-hazırda onların yanında qalır və heç yerdə işləmir. Cavabdeh fərdi qaydada əmək fəaliyyəti ilə məşğuldur və kifayət qədər qazancı olur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, müxtəlif bağlarda gözətçi işləyir və ayliq qazancı ümumilikdə 250 manat təşkil edir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qismən təmin edilməsini və onun aylıq gəlirinin az olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1988-ci ildə anadan olmuş, hazırda Xızı rayonu, Fındığan kəndində qeydiyyatdadır. Cavabdeh xx.xx.1978-ci ildə anadan olmuş, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən tərəflər arasında nikah 18 fevral 2020-ci il tarixində, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, bu məbləğin ödənilməsini bunun üçün zəruri vəsaitə malik olub-olmadığını araşdırmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən aliment barədə iddiaçının tələbi qismən təmin edilməli, hər ay 193 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixində daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar