Məhkəmə qərarları › İş №2(068)-241/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-241/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-241/2025 25.11.2025 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, ondan 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment tutulub cavabdehə verilməsi, eləcə də mediasiya təşkilatına ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilərək, ondan 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli (200 manat) həddində aliment tutulub cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli hazırlıq iclasının protokoluna əsasən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək, mülki işə əlavə edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsi ilə xx.xx.2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı hər ay 136,60 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Bundan sonra, Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)- 13/2025 nömrəli qərardadı ilə hər ay uşaq üçün 136,60 manat sabit pul məbləğində tutulan aliment məbləği ölkə üzrə minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilmişdir. O, “Qayalı” marketdə fəhlə işləyir. Aylıq maaşı 500 manatdır. Maaşından başqa gəliri yoxdur. İkinci dəfə ailə qurmuş, həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki övladı vardır. Bir uşağa ayda 472 manat aliment ödəmək imkanı yoxdur. Belə olduqda nə özünü, nə də digər 2 uşağın tələbatını ödəyə bilməyəcəkdir. Hazırda özü xəstədir və müalicəyə ehtiyacı vardır. Aliment 1,18 mislində indeksasiya edildikdə 1 uşağa ayda 472 manat aliment tutulması nəzərdə tutulur. Hesab edir ki, uşağa ayda 200 manat məbləğində aliment ödəyə bilər. Bu səbəbdən də, alimentin azaldılmasını daha ədalətli hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, övladının müalicəyə ehtiyacı olduğunu, atasının övladı ilə maraqlanmadığını, hər hansı bir maddi və mənəvi köməklik göstərmədiyini, müalicədən əlavə digər xərclərə də çox böyük ehtiyacının olduğunu göstərərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2017-ci ildən etibarən 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı X5 xeyrinə hər ay 136,60 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. İşdə olan Xızı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(068)-13/2025 nömrəli qərardadına əsasən Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)- 306/2017 nömrəli qətnaməsi ilə 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı Cabarova (Həşimova) Ülkər Akif qızına ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01592 nömrəli mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı alimentin miqdarının azaldılması tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş, lakin tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 286067 nömrəli nikah haqqında şəhadətnaməin surətindən görünür ki, İddiaçı ilə X7 08 avqust 2018-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 2102 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 187960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası X7 olan X4 24 avqust 2018-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 11 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 483906 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası X7 olan X6 28 iyul 2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlar əsasında müəyyən edilir ki, İddiaçı fiziki şəxs X8 məxsus mağazada köməkçi fəhlə vəzifəsində işləmiş və aylıq əmək haqqısı 556 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunan xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, iddiaçının qüvvədə olan rəsmi iş yeri yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə aşağıdakı məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi, tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi, maddi vəziyyətinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər. Məhkəmə qeyd edir ki, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)- 306/2017 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci ildən etibarən 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı X5 xeyrinə hər ay 136,60 manat məbləğində aliment tutulması müəyyən edilmiş, alimentin məbləği həmin vaxtdan sonra yalnız xx.xx.2025-ci il tarixli qərardadla indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tərəflərin uşağın saxlanmasındakı rolu nəzərə alınmaqla, hazırda iddiaçı tərəfindən ödənilən alimentlə uşağın maddi tələbatının mümkün qədər yüksək saxlanılması təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tutulan alimentin məbləği müəyyən edilərkən iddiaçının maddi imkanı və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olaraq götürülməlidir Aydındır ki, indeksasiya ilə bağlı ərizələrə baxılarkən qeyd olunan məsələlərə qiymət verilməsi həmin məhkəmə baxışının predmetinə daxil olmur. Aliment indeksasiya olunandan sonra yeni formalaşmış alimentin məbləğinin tərəflərin maddi vəziyyətinə təsirinə hazırkı predmet çərçivəsində qiymət verilməlidir. Hazırkı məhkəmə araşdırması zamanı iddiaçının maddi və ailə vəziyyətində dəyişikliyin olması müəyyən edilmişdir. Belə ki, iddiaçı yenidən ailə qurmuş və yeni ailədə uşaqları doğulmuşdur. Lakin indeksasiya icraatından sonra alimentin məbləğinin 136,60 manatdan faktiki olaraq hazırkı mərhələdə 472 manata qədər yüksəlməsi, rəsmi gəlirləri olmayan iddiaçının maddi vəziyyətini çətinləşdirmiş və tutulacaq alimentin miqdarı digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəkdir. Bu hal həmçinin onunla sübut olunur ki, alimentin məbləği minimum əmək haqqının 1,18 misli, yəni 472 manat olduqdan sonra iddiaçı tərəfindən aliment ödənişləri hər ay tam icra oluna bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qəbul edilən məhkəmə qətnaməsi həm ədalətli olmalı, həm də icrası mümkün olan məhkəmə aktı olmalıdır. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddiaçıdan tutulan alimentin məbləği mübahisənin ədalətli həll olunması üçün dəyişdirilməlidir. Yeni təyin olunan alimentin məbləğinin müəyyənləşdirilməsi isə hazırkı mübahisənin həlli vacib olan məsələsidir. Alimentin məbləği müəyyənləşdirilərkən həm tərəflərin qarşılıqlı münasibətləri, həm də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması mütləq nəzərə alınmalıdır. Tərəflərin maddi gəlirlərini, onların uşağın saxlanmasında iştirakının həcmini, həmçinin yuxarıda qeyd olunan digər məsələləri nəzərə alaraq məhkəmə hesab edir ki, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsinə əsasən 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində müəyyən edilməlidir. Məhkəmə bu qənatə gələrkən, həm uşağın təminatın səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, həm də qəbul ediləcək qətnamənin icrasının mümkün olmasını nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı təyin olunan aliment uşağın saxlanmasının, yəni valideynlik vəzifəsinin həyata keçirilməsinin məcburi məhkəmə qaydasıdır. Valideynlər nəzərə almalıdır ki, aliment uşaqların minimum dolanacaq xərcləridir. Valideynlər könüllü olaraq öz fəaliyyətlərini, uşaqların zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əsasında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına yönəltməlidirlər. Çünki, uşaqların öz valideynləri tərəfindən tərbiyə olunması, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Alimentin tutulma qaydası ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsinə əsasən 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilməli, 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cabarova (Həşimova) Ülkər Akif qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Xızı Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(068)-306/2017 nömrəli qətnaməsinə əsasən 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilsin. 02 mart 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cabarova (Həşimova) Ülkər Akif qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar