Məhkəmə qərarları › İş №2(068)-46/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-46/2022

18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-46/2022 18.05.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan 13.12.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatana qədər hər ay 100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 07.03.2020-ci ildə el adətinə uyğun olaraq toy edib ailə həyatı qurmuş, lakin cavabdehin səhlənkarlığı üzündən rəsmi nikah bağlamamışlar. Birgə nikahlarından 13.12.2020-ci il təvəllüdlü Adəm adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət mehriban yaşayaraq, münasibətləri yaxşı olsa da, sonradan cavabdehin valideynlərinin müdaxiləsi və hərəkətləri nəticəsində pozulmuşdur. İddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə ata evində yaşayır, cavabdeh isə iddiaçı ilə və uşağı ilə maraqlanmir. İddiaçı cavabdehdən uşağın saxlanması üçün yardım istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək heç bir yardım etməmişdir. İddiaçı cavabdehlə faktiki ayrıldığı gündən uşaq onun yanında qalır. Maddi imkanı ağır olduğu üçün uşağın təlabatlarını ödəmək iqtidarında deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, o, hal-hazırda ata-anasının yanında qalır və heç yerdə işləmir. Cavabdeh fərdi qaydada əmək fəaliyyəti ilə məşğuldur və ayliq qazancı 700 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, ailədə çox ciddi bir problem yoxdur. İddiaçı heç nədən söz-söhbət yaradır. Uşağın ananın yanında qalmasına və uşağın saxlanılmasına görə aliment tələbinə dair heç bir etirazı yoxdur. Bununla yanaşı uşaqla görüşünün müəyyən edilməsi üçün iddia qaldıracaqdır. Lakin, iddia tələbinin uşaq üç yaşına çatana qədər hər ay 100 manat maddi yardımın ondan iddiaçının xeyrinə tutulması hissəsi ilə razı deyildir. Belə ki, maşın təmiri sexində fəhlə işləyir və ayliq qazancı 300-400 manat təşkil edir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qismən təmin edilməsini və onun aylıq gəlirinin az olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2002-ci ildə anadan olmuş, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatdadır. Cavabdeh xx.xx.1990-cı ildə anadan olmuş, Zəngilan rayonu, Genlik kəndində qeydiyyatdadır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə cavabdeh 13.12.2020-ci il tarixində doğulmuş X3 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən 13.12.2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bu səbəbdən məhkəmə cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. İddiaçı eyni zamanda uşaq üç yaşına çatana qədər hər ay 100 manat maddi yardımın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsində həmçinin göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1.). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (84.2.2.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfdən aliment tələb edə bilər. Belə olan halda digər tərəfin zəruri vəsaitə malik olamsını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdehdən uşaq 3 yaşına çatana qədər hər ay 100 manat maddi yardımın tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdehin bununla bağlı zəruri vəsaitə malik olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı məhkəməyə 09.02.2022-ci il tarixində müraciət etmişdir. Lakin, iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmışdır. Sonradan iddiaçının ərizəsi əsasında iddianın baxılmamış saxlanması barədə qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. Həmin ərizə məhkəməyə 20.04.2022-ci il tarixində daxil olduğundan alimentin tutulması da həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13.12.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 20.04.2022-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar