Məhkəmə qərarları › İş №2(070)-234/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-234/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-234/2024 21.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 avqust 2010-cu il təvəllüdlü X7, 27 oktyabr 2015-ci il təvəllüdlü X3, 27 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 705 manat alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi olaraq 06 sentyabr 2006-cı ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 08 avqust 2010-cu il təvəllüdlü X7, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 27 oktyabr 2015-ci il təvəllüdlü X4 adlı 3 övladları dünyaya gəmişdir. Onlar bir neçə aydır ayrı yaşayırlar. O da aliment məsələsi ilə bağlı məhkəməyə üz tutmalı olmuşdur. O, uşaqları ilə birlikdə ayrı yaşayır. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağdam rayonu Malikli ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 240477 nömrəli nikah haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 06 sentyabr 2006-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra sonuncuya “Ağayeva” soyadı verilmişdir; Xocalı RİHB-nin Cəmilli kənd nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 489894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Xocalı RİHB-nin Cəmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 585283 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Xocalı RİHB-nin Cəmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 585284 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-51-1/3-2-747 nömrəli arayışdan görünür ki, Cavabdeh Xocalı şəhərində qeydiyyatdadır və məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 08 avqust 2010-cu il təvəllüdlü X7, 27 oktyabr 2015-ci il təvəllüdlü X4 və 27 oktyabr 2015-ci il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı birgə nikahdan olan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq 08 avqust 2010-cu il təvəllüdlü X7, 27 oktyabr 2015-ci il təvəllüdlü X4 və 27 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq 08 avqust 2010-cu il təvəllüdlü X7, 27 oktyabr 2015-ci il təvəllüdlü X4 və 27 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar