Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1105/2023 11.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu himayəsində olan üç azyaşlı uşağı ilə birlikdə qeydiyyatda olduğu Hacıqabul rayonu, Qarasu kəndində cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadəyə edilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan üç uşaqları doğulmuşdur. O və uşaqları cavabdehin mülkiyyətində olan Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evində qeydiyyata düşmüşlər. Tərəflər arasında münasibətlər pisləşmiş və Hacıqabul rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. O, məcburiyyət qarşısında qalıb övladlarını da götürüb evi tərk etmişdir. O, ilk vaxtlar uşaqları ilə birlikdə kirayədə qalsa da, sonradan Salyan rayonunda yerləşən anasına məxsus evə köçməli olmuşdur. Onun hazırda daimi və normal yaşayış yeri olmadığından onun və uşaqlarının birlikdə gəlin getdiyi cavabdehlərə məxsus evdə yaşamaq hüquqları vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və cavabdehlərin yaşadıqları evə gəlin köçmüşdür. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Həm özü, həm də uşaqları həmin evdə qeydiyyatdadırlar. 2022-ci ildə onlar arasında ailə münasibətləri pozulduğundan o, uşaqlarını götürüb cavabdehlərin evini tərk etmişdir. Evi tərk etdikdən təxminən bir ay sonra Cavabdeh1 nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin vaxtdan sonra o, Salyan rayonunda valideynlərinə məxsus olan evdə yaşamışdır. Lakin, həmin evdə şərait yaxşı olmadığından, o, gəlin köçdüyü cavabdehlərin yaşadığı evə qayıdıb uşaqları ilə birlikdə orada yaşamaq istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı və uşaqları həmişə cavabdehlərin yaşadıqları evdə yaşamış və qeydiyyata alınmışlar. Mübahisə predmeti olan fərdi yaşayış evi əvvəllər Cavabdeh1 atasına məxsus olsa da, 2018-ci ildə həmin ev cavabdehə bağışlanmışdır. Həmin dövrdə iddiaçı ilə cavabdeh nikahda olmuşlar. Belə olan vəziyyətdə iddiaçının cavabdehə məxsus evdən istifadə hüququ olmuşdur. Lakin, tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə cavabdehin evini tərk etmiş və Salyan rayonunda valideyninin yanında yaşamağa başlamışdır. Valideynlərinə məxsus evdə şərait olmadığından iddiaçı uşaqları ilə birlikdə istifadə hüquqları olduğu cavabdehə məxsus evə köçmək istəyirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə oğlu İlqar 2012-ci ildə ailə həyatı qurmuş və gəlin gəldiyi vaxtdan onların evində yaşamışdır. Bu müddət ərzində onların üç uşaqları doğulmuşdur. 2022-ci ilin iyun ayında tərəflər arasında ailə münasibətləri pisləşdiyindən, oğlu İlqar nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. Yaşadıqları ev əvvəllər əri Ağagülün adına olsa da, 2018-ci ildə həmin ev Cavabdeh1 bağışlanmışdır. İddiaçı və uşaqları 2022-ci ilin iyun ayından etibardən onların yaşadıqları evi tərk edərək valideynlərinin evinə getmiş və həmin həmin vaxtdan da orada yaşayır. O, iddiaçının onların yaşadıqları evə köçmələrini istəmir və buna etiraz edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X5 arasında xx.xx.2012-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 104 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X9 cavabdeh X1 yanında saxlanılmış, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 nikahının ləğv edilməsi barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 23 nömrəli qeydiyyat aparılmışdır. Nikah ləğv edildikdən sonra qadına “Səfərova” soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Hacıqabul rayonu,Qarasu kəndində yerləşən 0,83 ha torpaq sahəsi X6, X8, X10, X7, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətində olmuş, həmin torpaq sahəsi üzərində yerləşən 199,30 kv.m sahəsi olan fərdi yaşayış evi isə X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”ndən görünür ki, X6, X8, X10, X7, Cavabdeh2 mülkiyyətlərində olan Hacıqabul rayonu,Qarasu kəndində yerləşən 0,83 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində olan 199,3 kv.m sahəsi olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamışlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Hacıqabul rayonu, Qarasu kəndində yerləşən 0,83 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 199,3 kv.m sahəsi olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə reyestrdə qeydə alınmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. İddiaçı həmin dövrdə cavabdehin atasının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından üç uşaqları doğulmuşdur. xx.xx.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi ailə üzvləri tərəfindən Cavabdeh1 bağışlanmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2022-ci ilin təxminən iyun-iyul aylarında tərəflər arasında ailə münasibətləri pozulmuş və iddiaçı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı evi tərk edərək Salyan rayonunda yerləşən valideynlərinə məxsus evə getmiş və həmin vaxtdan hal-hazıradək orada yaşayırlar. Tərəflər faktiki ayrıldıqdan sonra - elektron məhkəməinformasiya sistemindən görünür ki, xx.xx.2022-ci il tarixdə İlqar X4rşı nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqları Mədinə Hüseynovanın (Səfərova) yanında saxlanılmışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evə köçməsinə və orada yaşamasına maneçilik törədildiyindən, iddiaçı cavabdehlərə qarşı iddia tələbi irəli sürərək, uşaqları ilə birlikdə həmin evə köçürülməsini və orada yaşamalarına maneçilik törədilməsinin cavabdehə qadağan edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı 2012-ci ildə mübahisəli evə faktiki olaraq gəlin kimi köçdüyündən, onun yaşayış evindən istifadə hüququnun yaranıb-yaranmaması məsələsi Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin həmin dövrdə mülkiyyətçisi olmuş qaynatası Ağagül Hüseynova münasibətdə onun ailə üzvü hesab olunmurdu. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından onun gəlin köçdüyü 2012-ci ildən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Bununla belə iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin dövrdə isə tərəflər arasında bağlanmış nikah qeydi pozulmamışdı və onlar birlikdə yaşayırdılar. Belə olan vəziyyətdə, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdehin mülkiyyət hüququnun qeydə alındığı vaxtdan cavabdehin (mülkiyyətçinin) ailə üzvü kimi iddiaçının həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Lakin, işin faktiki hallarından görünür ki, tərəflər arasında ailə münasibətləri 2022-ci ilin iyun-iyul aylarında pozulmuş və həmin vaxtdan iddiaçı uşaqları ilə birlikdə cavabdehə məxsus evi tərk edərək valideynlərinə məxsus evə getmiş və halhazıradək orada yaşayır. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış nikah qeydi məhkəmənin qətnaməsinə əsasən pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən və iddiaçı artıq cavabdehin ailə üzvü sayılmadığından, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən ailə münasibətlərinə xitam verildiyi vaxtdan onun cavabdehə məxsus evdən istifadə hüququ saxlanılmır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin maddənin ikinci cümləsində qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Lakin, qeyd edilməlidir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən iddiaçı cavabdehin ailə üzvü hesab olunmur və iddiaçı bir ildən artıq müddətdir ki, cavabdehə məxsus evi tərk edərək özünə başqa yaşayış yeri seçmişdir. Belə olan vəziyyətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan mənada iddiaçının evdən istifadə hüququnun müvəqqəti saxlanılması üçün də əsas yoxdur. İddiaçı ərizəsində və məhkəmə iclasında izahatında qeyd etmişdir ki, o, hal-hazırda da cavabdehlərə məxsus Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Bu səbəbdən onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin dəlili də əsassızdır. Belə ki, yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının cavabdehə məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçı tələbində onunla birlikdə uşaqlarının da cavabdehlərin yaşadıqları evə köçürülməsini tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozularkən, tərəflərin birgə nikahından doğulmuş uşaqları iddiaçının yanında saxlanılmışdır və Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Belə olan halda, uşaqlar on dörd yaşına çatmadıqlarından onların yaşayış yeri iddiaçının yaşayış yeri sayılır və mövcud vəziyyətdə iddiaçının cavabdehə məxsus fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən edildiyindən, uşaqların da həmin evə köçürülməsi mümkünsüzdür. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçının himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə cavabdehə məxsus fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadəyə maneənin aradan qaldırılması bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X22
Məhkəmə qərarları › İş №2(071)-1105/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1105/2023
11.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver