Məhkəmə qərarları › İş №2(071)-1125/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1125/2023

27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1125/2023 27.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, uşağın üç yaşınadək saxlanılması üçün əlavə xərclərin qarşılanması məqsədi ilə hər ay 30 manat olmaqla, cəmi 250 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 2021-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Hal-hazırda cavabdehlə o ayrılmaqla atasına məxsus evdə, onun himayəsi altında yaşayır. Cavabdeh nə birgə, nə də ayrı yaşadıqları dövrdə azyaşlı uşağının yaşayışı və maddi vəziyyəti ilə maraqlanmamışdır. O, heç bir yerdə işləmir, uşağı tək saxlamaq onun üçün çətindir, ona görə də cavabdehin maddi yardımına ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlə rəsmi nikahdadırlar, lakin 5 aydır ondan faktiki olaraq ayrılmış və birgə nikahdan doğulmuş uşaq onunla yaşayır. Bu müddət ərzində cavabdeh cəmi iki dəfə 100 manat ona pul göndərmişdir. Hazırda cavabdeh ona qarşı məhkəmədə nikahın pozulması barədə iddia qaldırmışdır və həmin işə baxılmaqdadır. O, işləmir, orta təhsillidir və uşaq körpədir. O, qanuna uyğun uşağın saxlanılması üçün aliment təyin edilməsini istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, məhkəmədə iddiaçıya qarşı nikahın pozulmasına dair iddia tələbi irəli sürmüşdür. Buna görə də iddiaçı ona qarşı aliment tələbi irəli sürmüşdür. O, övladının bütün ehtiyaclarını qarşılayır. Sadəcə olaraq uşağın saxlanılması üçün hər ay 150 manat aliment ödəyə bilər. Bundan əlavə də gücü çatdığı qədər köməklik edəcəkdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2371 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Qocayev”, arvada “Qocayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(071)-35/2023 saylı müvəqqəti təminat tədbiri haqqında qərardadından görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 180 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından bir uşaqları doğulmuşdur. Hazırkı halda tərəflər arasında nikah qeydi pozulmamışdır. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün, eləcə də uşaq üç yaşına çatanadək özü üçün aliment tutulmasını tələb edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış Tunar adlı uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq hazırda iddiaçının yanında yaşadığından, iddiaçının uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarına əsasən uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin məbləğini müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Lakin, bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılması təmin edilə bilsin. Beləliklə məhkəmə, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eləcə də iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalı, alimentin hesablanması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli, 16(071)-35/2023 saylı qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləği nəzərə alınmalıdır. Məhkəmə, iddia tələbinin uşağın üç yaşı tamam olanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 30 manat sabit pul məbləğində alimentin tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsində göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsində göstərilmişdir ki, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması müəyyən edilməmiş, iddiaçı bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan 10000 manatadək olduğundan (180 manat x 12 ay = 2160 manat), iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 41,60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin hesablanması zamanı Hacıqabul rayon Məhkəməsinin 16(071)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləği nəzərə alınsın. Cavabdeh 41,60 manat (qırx bir manat altmış qəpik) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar