Məhkəmə qərarları › İş №2(071)-126/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-126/2022

04.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-126/2022 04.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 ilə birgə nikahından doğulmuş övladları -24.09.2015-ci il təvəllüdlü X5 və 14.07.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 ilə 25.01.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 24.09.2015-ci il təvəllüdlü X5 və 14.07.2018ci il təvəllüdlü X6 adlı iki övladı var. Ailə qurduqdan sonra 7 il birlikdə yaşasalar da, sonradan cavabdehin ona və ailəsinə qarşı münasibəti dəyişmişdir. Belə ki, cavabdeh onu bir ailə kimi görməmiş və uşaqlarına yetərincə qayğı göstərməmişdir. Belə olan halda o cavabdehən ayrılaraq iki uşağı ilə birlikdə Hacıqabul rayonunda yaşayan atasının evinə getmişdir. O, hazırda heç bir yerdə işləmir, təqaüdçü valideynlərinin evində yaşayır, uşaqların saxlanmasında çətinlik çəkir və cavabdeh uşaqları ilə maraqlanmır. O, mübahisəni sülh yolu ilə həll etmək üçün mediasiyaya müraciət etmişdir, lakin Cavabdeh mediasiya prosesində iştirak etməkdən yayınmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddiasını müdafiə etməsinə dair teleqramını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 25.01.2016-cı il tarixli nikah haqqında, 13.11.2015-ci il tarixli və 30.08.2018-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, İddiaçı və X1 25.01.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların 24.09.2015-ci il təvəllüdlü X5 və 14.07.2018-ci il təvəllüdlü X6 adlı iki övladı var. İddiaçı uşaqların saxlanmasında çətinlik çəkir və cavabdeh uşaqların saxlanması üçün idditaçıya maddi köməklik etmir. Bu səbəbdən idddiaçı aliment tutulmasını tələb etməkdə haqlıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya Şurasının 18.10.2021-ci il tarixli 21-0089 nömrəli məktubundan müəyyən edilir ki, İddiaçı mübahisəni sülh yolu ilə həll etmək üçün mediasiyaya müraciət etmişdir, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən yayınmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 24.09.2015-ci il təvəllüdlü X5 və 14.07.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 08.12.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 24.09.2015-ci il təvəllüdlü X3 və 14.07.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 08.12.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar