Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-173/2022 16.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 06.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş övladları - 18.06.2017-ci il təvəllüdlü X2 və 20.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 13.04.2016-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 18.06.2017-ci il təvəllüdlü X4 və 20.11.2019-cu il təvəllüdlü X3 adlı iki uşağı var. Təxminən altı ay olar ki, cavabdehlə ayrı yaşayırlar. Uşaqlar onun yanında qalırlar. Cavabdeh fərdi qaydada yük avtomobili sürücüsü işləyir və gəliri yaxşı olsa da, uşaqların maddi ehtiyacının ödənilməsində ona köməklik etmir. O, özü iki yerdə işləyir və ayda 600 manat əmək haqqı alır. Lakin bu məbləğlə özünün və uşaqların ehtiyaclarını ödəyə bilmir. Həmiçinin o, hazırda iki uşaqla atası evində yaşayır, qiyabi olaraq ali məktəbin birinci kursunda ödənişli təhsil alır və onun ödənişinə atası köməklik edir. Cavabdeh isə uşaqları ilə maraqlanmır və uşaqlarına heç bir maddi köməklik göstərmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı ilə 13.04.2016-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 18.06.2017-ci il təvəllüdlü X4 və 20.11.2019-cu il təvəllüdlü X3 adlı iki uşağı var. Təxminən altı ay olar ki, iddiaçı uşaqlarla birlikdə atasının evində yaşayır. Ayrı yaşadıqlarına və boşanmadıqlarına görə aliment ödəmək istəmir. Ayrı yaşadıqları altı ay müddətində uşaqlarına maddi köməklik etməmişdir. O, fərdi qaydada yük avtomobili sürücüsü işləyir, aylıq gəliri 500-800 manat arasında dəyişir. Hesab edir ki, boşanmadıqlarına görə iddiaçı ondan aliment tələb edə bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 13.04.2016-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların 18.06.2017-ci il təvəllüdlü X4 və 20.11.2019-cu il təvəllüdlü X3 adlı iki uşağı var. Təxminən altı ay olar ki, iddiaçı uşaqlarla birlikdə atasının evində yaşayır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik etmir və valideynlik vəzifələrini yerinə yetirməkdən imtina edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya prosesinə xitam verilməsi barədə 21.11.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, tərəflərin təşəbbüsü ilə Mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 18.06.2017-ci il təvəllüdlü X4 və 20.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 06.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 18.06.2017-ci il təvəllüdlü X2 və 20.11.2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 06.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-173/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-173/2022
16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver