Məhkəmə qərarları › İş №2(071)-194/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-194/2022

15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-194/2022 15.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı X5 və cavabdeh İddiaçı1 nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı X5 cavabdeh İddiaçı1 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh İddiaçı1 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(071)-82/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş hər növ qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin (cəmi 82 manat) miqdarı dəyişdirilməsini, 27.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı1 hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, İddiaçı1 ilə 2018-ci ildə ailə qurmuşdur. Birgə nikahdan onların 27.04.2019-cu il təvəllüdlü X4 adlı bir uşağı var. Hacıqabul rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün İddiaçı1 hər növ qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdehin hazırda ödədiyi cəmi 82 manat aliment azyaşlı uşağın maddi təminatını ödəmir. O, heç birdə işləmir, valideynlərinin himayəsində yaşayır və uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh İddiaçı1 nümayəndəsi (atası) X3 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı1 onun oğlu, iddiaçı X9 isə keçmiş gəlinidir. İddiaçı1 “generilizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Frantal epilepsiya. Tez tez təkrarlanan qıcolmalarla (ayda azı 6-8 dəfə)” diaqnozu qoyulmaqla, 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı1 hazırda ayda 180 manat sosial müavinət alır, heç bir yerdə işləyə bilmir. Odur ki, hər ay 193 manat aliment ödəməyə maddi imkanı yoxdur. Çünki, İddiaçı1 aldığı 180 manat müavinətin ¼ hissəsi ayda 45 manat edir və əlavə olaraq 55 manat olmaqla, cəmi 100 manat aliment ödəyə bilər. O, özü də işləmədiyinə görə oğluna maddi köməklik edə bilmir. Qalan 80 manatı isə cavabdehin dərmanlarını almasına xərcləyəcəkdir. Odur ki, iddianın qalan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, X9 və İddiaçı1 oğlu 08.05.2018-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların 27.04.2019-cu il təvəllüdlü X4 adlı bir uşağı var. Hacıqabul rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(071)-82/2020 nömrəli qətnaməsi ilə əvvəli 10.01.2020-ci il tarixdən hesablanmaqla 27.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı1 oğlundan hər növ qazancının və başqa gəlirlərinin ¼ hissəsi və əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(071)-419/2020 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı1 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(071)-82/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər növ qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilmiş, əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 27.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı1 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2021-ci il tarixli 2(106)-702/2021 nömrəli qətnaməsiilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(071)-419/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X5 cavabdeh İddiaçı1 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsin 4 saylı RƏF Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı1 DSMF publik hüquqi şəxsin 4 saylı RƏF Hacıqabul rayon şöbəsində 2-ci qrup əlil kimi qeydiyyatdadır və 130 manat sosial müavinət alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış 29.09.2021-ci il tarixli əlillik haqqında arayışdan müəyyən edilir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 02.05.2017-ci il tarixdə müayinədən keçmişdir, ona 02.05.2017-ci il tarixdə əlillik təyin edilmişdir: 2.2, 2-ci qrup əlillik – 2.2.11. “epilepsiya, tez tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” diaqnozu - “generilizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Frantal epilepsiya. Tez tez təkrarlanan qıcolmalarla (ayda azı 6-8 dəfə)”. Əlillik 5 il müddətinə təyin edilmişdir. Növbəti müayinə 02.05.2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış 29.09.2021-ci il tarixli məşğulluq haqqında arayışdan müəyyən edilir ki, cavabdeh İddiaçı1 nümayəndəsi (atası) X3 işaxtaran (işi və qazanca olmayan şəxs) kimi 28.12.2018-ci il tarixdən qeydiyyatdadır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən verilmiş ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 06 oktyabr 2021-ci il tarixli 00/37/47 №-li arayışdan müəyyən edilir ki, İddiaçı1 ilkin Mediasiya Sessiyasında iştirak etməmiş və tərəflər ilkin mediasiya prossesini davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, uşağın maddi ehtiyaclarını, İddiaçı1 02.05.2017-ci il tarixdə “generilizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Frantal epilepsiya. Tez tez təkrarlanan qıcolmalarla (ayda azı 6-8 dəfə)” diaqnozu ilə 2-ci şrup əlillik dərəcəsi təyin edilməsini, onun əlilliyə görə aldığı 180 manat sosial müavinətdən başqa gəlirinin olmadığını, həmçinin onun atası Mübariz Ruhullayevin də işsiz olduğunu və oğluna maddi köməklik edə bilmədiyini, iddiaçının özünün əmək qabiliyyətli olmağını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(071)-82/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər növ qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, 27.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı1 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 60 (altmış) manat sabit pul məbləğində aliment (cəmi 105 manat) tutularaq iddiaçı X7 ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki iddiaçı cavabdehin maddi durumunda yaxşılaşma olmasını və maddi gəlinin artmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(071)-82/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər növ qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, 27.04.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı1 hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi və əlavə olaraq 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar