Məhkəmə qərarları › İş №2(071)-219/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-219/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-219/2023 16.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5, İddiaçı cavabdeh X2 qarşı “cehiz əmlakların yaşayış evindən çıxarılması” tələbinə dair mülki işin materiallarını nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus cehiz əmlakların ona məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 15, mənzil 24-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(007)- 3452/2022 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh X1 rayonu, Qızılburun Ərazi Dairəsi, Qızılburun kəndində qeydiyyatdadır. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mülki işə cavabdehin qeydə alındığı yer üzrə Hacıqabul rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən mülki iş baxılması üçün Hacıqabul rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən keçmiş gəlini - cavabdeh X3 məxsus olan cehiz əşyalarının çıxarılmasını tələb etmişdir. Başqa sözlə desək, cavabdehə aid cehiz əşyaları iddiaçıya məxsus yaşayış sahəsində yerləşdiyindən, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi kimi həmin əmlakdan istədiyi şəkildə istifadə edə bilmək üçün cavabdehə aid əşyaların yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində ümumi ərazi aidiyyəti qaydalarından biri kimi iddia ərizəsinin cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilməsi göstərilmişdir. Lakin, ümumi ərazi aidiyyəti qaydalarından fərqli olaraq, qanunvericilik bir sıra iddia tələblərinə məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmasını imperativ qaydada müəyyən etmişdir. Həmin iddia tələbləri isə MPM-nin 39.1-ci maddəsində sadalanmışdır. Göstərilən maddəyə əsasən, mülkiyyətçi tərəfindən daşınmaz əmlakla bağlı istənilən iddia tələbinə deyil, yalnız daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), eləcə də mülkiyyət hüququndan məhrum etmədən daşınmaz əmlaka sahiblik və istifadə hüququna qanunsuz müdaxilə olduğu halda, həmin pozuntuların aradan qaldırılması haqqında iddialara (neqator iddia) məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxıla bilər. Hazırki mülki iş üzrə də iddiaçı, keçmiş gəlini – cavabdeh X2 məxsus cehiz əşyalarının onun mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və iddiasını cavabdehə məxsus əşyaların onun yaşayış sahəsində olmasını onun mülkiyyət hüququnu məhdudlaşdırması, mülkiyyətindən istədiyi kimi istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinə əsasən MPM-in 39-cu maddəsində nəzərdə tutulan mənada daşınmaz əmlaka sahiblik və istifadə hüququna cavabdeh tərəfindən qanunsuz müdaxilə olduğundan, həmin müdaxilənin aradan qaldırılması haqqında iddiaya (neqator iddia) da məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə, yəni Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlar məhkəmələr arası fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən, mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 45.4, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X2 qarşı “cehiz əmlakların yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar