Məhkəmə qərarları › İş №2(071)-267/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-267/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-267/2024 22.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı X8, iddiaçının nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X5 Cavabdeh X12 iştirakları ilə, İddiaçı X8 cavabdeh X15 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X17 cavabdeh X15 qarşı iddia ərizəsi ilə Sabirabad rayon məhkəməsinə müraciət edərək, cavabdehdən barəsində yaydığı rüsvayedici məlumatlar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat və ödənilmiş 150 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-324/2024 saylı xx.xx.2024cü il tarixli Qərardadı ilə Sabirabad rayon məhkəməsinin hakimi Füzuli Pənahovun özözünə etdiyi etiraz təmin edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. Həmin mülki iş 2(071)-267/2024 nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon məhkəməsi tərəfindən icraata götürülmüşdür. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Yuxarı Axtaçı kəndində yaşayan cavabdeh X19 xx.xx.2023-cü il tarixdə özünə məxsus 051-336-3254 mobil telefon nömrəsindən ünvan 1 ünvanında yaşayan qaynanası X3 ***-***-**-** mobil nömrəsinə zəng edərək gəlini, Nuray Mirzəyevanın qohumu X20 ilə intim münasibətdə olması barədə rüsvayedici və böhtan xarakterli sözlər demişdir. Cavabdehin böhtan və rüsvayedici sözlərindən sonra onun ailəsində söz-söhbət yaranmış və ailə dağılmaq təhlükəsi ilə üzləşmişdir. Bundan sonra o, Sabirabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Bəxtiyar Paşayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda” cavabdeh qeyd edilən halları təsdiq etmişdir. Keçirdiyi sarsıntıdan onun hamiləliyi pozulmuşdur. Qeyd edilən hallarla əlaqədar mənəvi ziyanla bağlı 20000 manat pul tələbi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı X17 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehin qeyd etdiyi X20 cavabdehin qızı Mirzəyeva Röyalənin keçmiş həyat yoldaşıdır. İ.Mirzəyev eyni zamanda onun həyat yoldaşının əmisi oğludur. O, həmişə İ.Mirzəyev və onun həyat yoldaşı Mirzəyevə Röyalə ilə mehriban münasibətdə olmuş, aralarında heç bir narazılıq olmamışdır. Cavabdehin qızı R.Mirzəyeva öz həyat yoldaşı İ.Mirzəyevdən boşandıqdan sonra cavabdeh və qızı R.Mirzəyeva ailəsinin dağılmasında onu təqsirkar bilmiş və bununla əlaqədar ondan qisas alacağını bildirmişlər. O, heç vaxt İ.Mirzəyevlə intim münasibətdə olmamış, onlar arasında bacı-qardaş münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə qaynanası N.Mirzıyevaya zəng edərək onun İ.Mirzəyevlə intim münasibətdə olması barədə rüsvayedici və böhtan xarakterli fikirlər söyləmişdir. Lakin cavabdeh bununla kifayətlənməmiş qızı R.Mirzəyeva və digər şəxslərin vasitəsilə onun qonşularına, tanışlarına barəsində rüsvayedici məlumatlar yayaraq onun İ.Mirzəyevlə intim münasibətdə olduğunu bildirmişlər. O, həmiləliyi ilə əlaqədar xəstəxanaya gedərkən orada tanıdığı tibb bacıları barəsində xoşagəlməz söhbətlərin yayıldığını, yoldaşının əmisi oğlu ilə intim münasibətdə olduğunu bildirmişlər. Hazırda yaşadığı yerdə qonşuları, tanıdığı şəxslər arasında onun barəsində rüsvayedici söhbətlər yayılmış və bununla əlaqədar böyük sarsıntı keçirir, mənəvi iztiraba məruz qalır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X19 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, qızı Röyalə ona bildirmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşı Mirzəyev İlqarla intim münasibətdədir və buna görə də, sonuncu onunla boşanmışdır. O, xx.xx.2023-cü il tarixdə bu barədə iddiaçının qaynanası X4 bu barədə məlumat verərək N.Mirzəyevanın onun qızı Röyalənin ailəsinin dağılmasında təqsirkar olduğunu bildirmişdir. O, iddiaçının Mirzəyev İqarla intim münasibətdə olmasının şahidi olmamış, ümumiyyətlə iddiaçının bu cür hərəkətlər etməsi barədə qızı Röyalədən başqa heç kimdən belə sözlər eşitməmişdir. Xəstəxanada olarkən orada iddiaçının Vüqar Mirzəyevlə intim münasibətdə olması barədə heç kimə məlumat verməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçı X17 onun oğlunun həyat yoldaşıdır. X1 keçmiş kürəkəni X20 onun qaynı oğludur. xx.xx.2023cü il tarixdə Ə.Məmiyev ona zəng edərək gəlini, Nuray Mirzəyevanın qohumu X20 ilə intim münasibətdə olması barədə rüsvayedici və böhtan xarakterli məlumatlar vermişdir. Bundan sonra onların ailəsində söz-söhbət yaranmış və ailə dağılmaq təhlükəsi ilə üzləşmişdir. Onun baldızı xəstəxanada işləyir. Bir dəfə xəstəxanada olarkən baldızı və orada tanıdığı digər şəxslər Əzizağa Məmiyev və qızı Röyalə tərəfindən gəlini Nuray barəsində xoşagəlməz söhbətlərin yayıldığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, iddiaçı X17 onun keçmiş həyat yoldaşı Mirzəyev İlqarın əmisi oğlunun həyat yoldaşıdır. 2023-cü ilin iyun ayının ortalarında Nurayla birlikdə xəstəxanaya oradan isə kirayə yaşadıqları mənzilə getmişlər. Mənzildə olarkən o, azyaşlı övladını yatızdırmaq üçün digər otağa keçmiş, Nurayla həyat yoldaşı İlqar isə qonaq otağında olmuşlar. O, qonaq otağına qayıdarkən İlqarla Nurayın yaxın məsafədə söhbət etdiklərini və onu görərkən qəflətən bir-birilərindən uzaqlaşdıqlarını görmüşdür. O, Nurayla İlqarın intim münasibətdə olduqlarını düşünmüşdür. Həyat yoldaşı İlqar bu barədə heç kimə məlumat verməməsini ona tapşırmış, lakin o, bir müddət sonra bu barədə atası Məmiyev Əzizağaya bildirmişdir. O, Nurayla İlqarın intim münasibətdə olduqlarının şahidi olmamışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, aparılmış araşdırma nəticəsində X19 tərəfindən X17 ilə X20 arasında intim münasibətlərin olması barədə rüsvayedici və böhtan xarakterli sözlər danışılmış, lakin N.Mirzəyev və İ.Mirzəyev arasında intim münasibətlərin olması öz təsdiqini tapmamışdır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Ləkin kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X17 nikaha daxil olduqda sonra ünvan 2 ünvanında yaşayır. Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X18 və X21 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və 47 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Ərə “Mirzəyev”, arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan X13 Sabirabad RPŞ-nə verdiyi izahatından görünür ki, o, heç vaxt Nuray Mirzəyeva ilə intim münasibətdə olmamış, yayılan söhbətlər şər və böhtan xarakterli olmuşdur. Sübutetmə vəzifəsinin bölgüsü baxımından başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İş üzrə cavabdeh X19 iddiaçı X25 Mirzəyevlə intim münasibətdə olması barədə məlumatları iddiaçının qaynanasına deməsini və bu cür söhbətlərin yayılmasına səbəbkar olmasını qismən etiraf etmiş, lakin intim münasibətlərin mövcudluğunu sübuta yetirən tutarlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, cavabdeh X19 qızı X6 həyat yoldaşı X10 boşanmasında iddiaçı Mirzəyev Nurayı günahkar bilmiş və ondan qisas almaq məqsədilə iddiaçı N.Mirzəyevanın keçmiş kürəkəni İ.Mirzəyevlə intim münasibətdə olmaları barədə rüsvayedici və böhtan xarakterli məlumatlar yaymış, bununla əlaqədar iddiaçının ailəsində gərginliklər yaranmış, ailə dağılmaq təhlükəsi ilə üzləşmiş, iddiaçı özü isə bundan böyük sarsıntı keçirərək valideynləri, qohumları və tanıdığı digər şəxslərin yanında nüfuzdan düşmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999cu il tarixli 7№-li Qərarının 3 bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Həmin Qərara əsasən məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh X19 iddiaçı X8 qohumu X20 ilə intim münasibətdə olması barədə rüsvayedici və böhtan xarakterli söhbətlər yaymış və bu hadisədən sonra iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni barəsində rüsvayedici məlumatların yayılması onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, habelə iztirab keçirməsinə səbəb olması şübhəsizdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı baş vermiş həmin hadisəyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə, cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusunun ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, hadisənin cavabdehlə yanaşı digər şəxsin qarşılıqlı təqsirli nəticəsində baş verməsini, cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh X19 qızı X6 həyat yoldaşı X10 boşanmasında iddiaçı Mirzəyev Nurayı günahkar bilmiş və ondan qisas almaq məqsədilə iddiaçı N.Mirzəyevanın keçmiş kürəkəni İ.Mirzəyevlə intim münasibətdə olmaları barədə rüsvayedici və böhtan xarakterli məlumatlar yaymış, lakin iddiaçı ilə İ.Mirzəyev arasında intim münasibətlərin mövcud olmasını sübuta yetirə bilməmişdir. Buna görə də, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 4 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X11 vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4 (dörd) manat pul alınaraq X14 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar