Məhkəmə qərarları › İş №2(071)-277/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-277/2023

26.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-277/2023 26.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2016-cı ildən xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, yəni 2280 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2016-cı ildə "xxxx" MMC-də mexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi 6 il müddətində əmək məzuniyyətinə çıxmamış və istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ona hesablanıb ödənilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab, yəni 6 il ərzində istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi hesablanıb ödənilməmişdir. Bununla bağlı X1 Xidmətinin Salyan regional ərazi şöbəsinə müraciət edib. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, istifadə etmədiyi əmək məzuniyyətinə görə ona pul əvəzi ödənilməmişdir. Bununla bağlı MMC-nin direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə İnzibati xətta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında cavabdehin nümayəndəsi X2 iddianı qismən qəbul edərək bildirdi ki, həqiqətən də iddiaçı 6 il cavabdeh müəssisədə işləmiş və bu dövr ərzində rəsmi olaraq əmək məzuniyyətinə çıxmamış, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya verilməmişdir. Lakin, iddiaçı işlədiyi dövr ərzində işinə laqeyd yanaşmış, istifadəsində olan maşınlara yaxşı baxmamış, bunun nəticəsində müəssisəsini maddi zərərə məruz qoymuşdur. Bu səbəbdən ona işdən çıxarkən əmək məzuniyyətlərinə görə ödəniş edilməmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" MMC-də “mexanik” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC-dən son haqq-hesabını ala bilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Salyan regional İdarəsinə müraciət etmişdir. Həmin qurum tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla İddiaçı cavab verilərək bildirilmişdir ki, o, xx.xx.2016-ci il tarixdən "xxxx" MMC-də mexanik vəzifəsinə qəbul edilmişdir. Öz xahişi ilə xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Təqdim olunan sənədlərdən məlum olur ki, ’’Hacıqabul Quşçuluq Şirkəti” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin tələbləri pozularaq onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi hesablanıb ödənilməmişdir. Yuxarıda göstərilən hüquq pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən "xxxx" MMC-nin direktoru Babaşov Nemət Adışirin oğlu barəsində 04 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında Protokol tərtib edilməklə, inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq şikayətçi İddiaçı istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və D.İsgəndərovaya gecə vaxtı işə görə əmək haqqına əlavə ödənilmədiyinə görə müəssisənin direktoru Babaşov Nemət Adışirin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, 1300 manat cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-də mexanik vəzifəsində işləmişdir. Müəssisədə işlədiyi müddət ərzində ona istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müvafiq kompensasiya məbləği ödənilməmişdir. İddiaçı "xxxx" MMC-də işlədiyi dövrdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-277/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməmühasibatlıq ekspertizasının 9/5194 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində istifadə edilməmiş əmək məzuniyyəti 177,5 gün olduğu, hesablanmış məzuniyyət haqqının 2165,50 manat olduğu və vergilər çıxıldıqdan sonra ödəniləcək kompensasiya məbləğinin 1908,81 manat məbləğində təşkil etdiyi müəyyən edilir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza tədqiqatı nəticəsində verilmiş rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən 2-ci hissədə nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə biləvasitə məhkəmələr tərəfindən baxılır. Beləliklə, işin faktiki hallarına əsaslanaraq və qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdeh müəssisə tərəfindən iddiaçıya işlədiyi müddət ərzində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilməli olan kompensasiya məbləği ödənilmədiyi və ekspertiza rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinin 1908,81 manat olduğu müəyyən edildiyindən, iddia qismən təmin edilməli, 1908,81 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş mediasiya prosesində çəkilən xərcin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul da cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1908,81 manat (min doqquz yüz səkkiz manat, səksən bir qəpik) pul və ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar