Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-284/2022 04.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı Zeynalov Ələkbər Şakir qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 07.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları - 02.07.2014-cü il təvəllüdlü X1 və 01.02.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh 25.10.2013-cü ildə toy edərək ailə qurmuşlar, 24.01.2014-cü il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan tərəflərin 02.07.2014-cü il təvəllüdlü X3 və 01.02.2016-cı il təvəllüdlü X4 adlı iki övladı var. Cavabdeh fərdi əmək fəaliyəti ilə məşğuldur. Cavabdehin ailəyə binanə yanaşması, iddiaçıya qarşı fiziki və pisixi zorakılıq etməsi nəticəsində tərəflərin münasibətləri pozulmuşdur. İddiaçı 2018-ci ildə məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə valideyinlərinin yanına Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin vaxtdan valideynlərinin evində yaşayır. Həmin vaxta kimi onlar birlikdə təsərrüfat aparmışlar. Hal-hazırda iddiaçıya məxsus cehiz əşyaları iş üzrə cavabdehin qeydiyyatda olduğu və yaşadığı evdə qalmışdır. İddiaçı uşaqları tək başına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.01.2014-cü il tarixli AZ-İ 920874 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən müəyyən edilir ki, xx.xx.1990-cı ildə Ağsu rayonu Kəndoba kəndində doğulmuş Cavabdeh və xx.xx.1985-ci ildə Hacıqabul şəhərində doğulmuş X5 24.01.2014-cü ildə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Kərimova” soyadı verilmişdir. Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən 01.08.2014-cü il tarixdə verilmiş AZ-İİİ 300237 nömrəli və 14.04.2016-cı il tarixdə verilmiş AZ-İİİ 707392 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 02.07.2014-cü il təvəllüdlü X3 və 01.02.2016-cı il təvəllüdlü X4 adlı iki övladı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. 04.02.2022-ci il tarixli 22/13553 saylı ilkin mediasiya prosesində iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməkdən yayınmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - 02.07.2014-cü il təvəllüdlü X1 və 01.02.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 07.02.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 02.07.2014-cü il təvəllüdlü X1 və 01.02.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 07.02.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh 38 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-284/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-284/2022
04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver