Məhkəmə qərarları › İş №2(071)-314/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-314/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-314/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən rəsmi nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Sonradan münasibətləri pisləşmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Onların birgə nikahından üç uşaqları doğulmuşdur. Uşaqlar hazırda onun yanında yaşayırlar. Cavabdeh isə uşaqlarının yaşayışı və maddi vəziyyətləri ilə maraqlanmır. O, heç bir yerdə işləmir və uşaqlarını saxlamaqda çətinlik çəkir. Buna görə cavabdehin maddi yardımına ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onların birgə nikahından olan uşaqlarından biri Azərbaycan Respublikasında, digər ikisi isə Rusiya Federasiyasında doğulmuşdur. Cavabdehin əvvəllər adı Azər olmuş, sonra isə dəyişdirilərək Asif olmuşdur. Bu səbəbdən azyaşlı uşaqları Sahil və Əsmərin doğum sənədlərində atalarının adı Azər kimi, Qönçanın doğum sənədində isə Asif kimi qeyd edilmişdir. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur. Bununla belə maddi imkanını nəzərə alaraq, ondan uşaqların saxlanılması üçün hər uşaq üçün 80 manat aliment tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə, X10 xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş, şəhadətnamələrin ata adı qrafasında X4, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Qobustan rayon Poladlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV 541442 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” AZ-İ 029953 nömrəli, xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971ci il tarixdə doğulmuş X2 adı X11 Asifə dəyişdirilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-470/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 201 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutla müəyyən edildi ki, tərəflərin birgə nikahından üç azyaşlı uşaqları doğulmuşdur. Cavabdehin adı və soyadı əvvəllər Azər Sarıyev olsa da, sonradan onun adı və soyadı dəyişdirilərək Cavabdeh olmuşdur. Bu səbəbdən, tərəflərin birgə nikahından Rusiya Federasında doğulmuş Əsmər və Sahil adlı uşaqların doğum akt qeydində onların atasının adı və soyadı “Azər Sarıyev” kimi, Qönça adlı uşağın doğum akt qeydində isə atasının adı və soyadı “Cavabdeh” kimi qeyd edilmişdir. Tərəflər arasında olan nikah akt qeydi məhkəmənin qətnaməsinə əsasən pozulmuş, lakin nikah pozularkən uşaqların saxlanılması üçün alimentin tutulması məsələsi həll edilməmişdir. Uşaqlar iddiaçının yanında yaşadıqlarından, o, cavabdehə qarşı uşaqların saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh, Qönça, Əsmər və Sahil adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında yaşadıqlarından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmadan cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan 10000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 48,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 23 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit məbləğində aliment alınaraq X1 verilsin. Cavabdeh 48,80 manat (qırx səkkiz manat, səksən qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar