Məhkəmə qərarları › İş №2(071)-340/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-340/2022

25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-340/2022 25.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə 03.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 01.03.2017ci il tarixli 2(071)-10/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, 13.08.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 30.10.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 13.08.2013cü il təvəllüdlü X3 adlı bir övladı var. Hacıqabul rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli 2(071)- 10/2017 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş övladı - 13.08.2013-cü il təvəllüdlü X3 onun yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. O, hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Hazırda bu məğləğ uşağın ehtiyaclarını ödəmir, özü heç ir yerdə işləmir və uşağın müasir dövrə uyğun tələbatını ödəməkdə çətinlik çəkir. Odur ki, müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 193 manat müəyyən edilməsini xahiş edir. Mediasiya Şurasına müraciət etsə də, cavabdeh gəlmədiyinə görə 18.02.2022-ci il tarixdə X2 iştirak edilməməsi barədə MŞHİ-14535 saylı arayış verilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilsə də, o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 25.04.2022-ci il tarixdə elektron portaldan əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh hazırda Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsində gözətçi vəzifəsində çalışır və əlilliyə görə ayda 268 manat müavinət alır. Hacıqabul rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli 2(071)-10/2017 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 30.10.2012-ci il tarixdə 82 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladı - 13.08.2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 193 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən verilmiş X2n sonra prosesin davam etdirilə bilməməsi barədə 18.02.2022-ci il tarixli MŞHİ-14535 saylı arayışdan müəyyən edilir ki, Cavabdeh ilkin Mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, uşağın maddi ehtiyaclarının artmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, 13.08.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli 2(071)-10/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, 13.08.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar