Məhkəmə qərarları › İş №2(071)-44/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-44/2025

15.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-44/2025 15.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5 xeyrinə 2017-ci ilin yanvar ayının 01-dən 2024-cü ilin yanvar ayının 30-a kimi, hər ayı 600 manatdan olmaqla, cəmi 50.400 manat ödənilməyən əmək haqqından 700 manat ödənilmiş əmək haqqının çıxılaraq, cəmi 49.700 (qırx doqquz min yeddi yüz) manat ödənilməyən əmək haqqının və 50 manat ödənilmiş mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 xx.xx.1969-cu ildə anadan olmuşdur. İş üzrə Cavabdeh Hacıqabul rayonunu Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesinə iddiaçını 2017-ci ildə işə qəbul edərək hər günü 20 manatda olmaqla, aylıq əmək haqqı verəcəyini bildirmişdir. İş üzrə cavabdeh iddiaçının savadsız, yaşlı və kimsəsiz olmağından sui-istifadə edərək yeddi il həmin kafedə işlətmişdir. Bu müddət ərzində ona ümumilikdə 700 manat əmək haqqı vermişdir. Bütün bunlardan sonra iş üzrə cavabdeh iddiaçının 7 il müddətində yığılan əmək haqqısını vermədiyi üçün, o, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəsi orada araşdırıldıqdan sonra Cavabdeh İXM-nin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Hal-hazırda iş üzrə Cavabdeh ona günü 20 manatdan 7 il müddətində ödənilməyən əmək haqqı borcunu məhkəmə vasitəsi ilə tələb edir. Bu müddət ərzində ona cəmi 700 manat əmək haqqı ödəmişdir. Həmin əmək haqqı bu puldan çıxarılmalıdır. Buna qədər ödənilməyən əmək haqqının ödənilməsi üçün mübahisəni mediatorun köməkliyi ilə öz aramızda həll edilməsi üçün cavabdehə məktub göndərsə də, bunun heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh onu 7 il işlədərək əmək haqqısını ödəməmişdir. Bu halı təsdiq edə biləcək şahidləri də vardır. Övladı öldüyü üçün depressiya keçirmişdir. Cavabdeh onu döymüş və ona qarşı nalayiq ifadələr işlətmişdir. İddiaçının övladı da həmin kafedə işləmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini rədd edir. Cavabdehin sözlərinə görə o, Hacıqabul rayonunu Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesini işlətmişdir. O, iddiaçı ilə tanış olmuş və həmin kafedə olan otaqların birində iddiaçı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olaraq yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, əvvəllər Hacıqabul rayonunu Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesini işləmişdir. İddiaçı X6 həmin kafedə işləyərkən tanış olmuşdur. T.Mirzəyevə cavabdehlə ər-arvad münasibətlərində olmuşlar. O, dəfələrlə iddiaçının cavabdehin paltarlarını yuduğunu görmüşdür. İddiaçı həmin kafedə rəsmi olaraq işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, əvvəllər Hacıqabul rayonunu Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesini işləmişdir. İddiaçı X6 həmin kafedə işləyərkən tanış olmuşdur. T.Mirzəyevə cavabdehlə ər-arvad münasibətlərində olmuşlar. O, dəfələrlə iddiaçının cavabdehin paltarlarını yuduğunu görmüşdür. İddiaçı həmin kafedə rəsmi olaraq işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin Nəvahi qəsəbəsi üzrə sahə müvəkkili vəzifəsində işləyir. İddiaçı X6 tanıyır. O, dəfələrlə Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesində olmuş, lakin iddiaçının orada işlədiyinin şahidi olmamışdır. İddiaçı cavabdehlə qeyri-rəsmi nikah münasibətlərində olmuşlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin, iş materiallarında ola sübutları araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 466 nömrəli rəyindən müəyyən edilir ki, X3 RPX-də 17 may 2024-cü il tarixində müayinə olunmuşdur. Qeyd edilmişdir ki, hazırda kəskin produktiv psixopatologiya yoxdur. (F20.0) Şizofreniya remissiya fazası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şirvan-Salyan regional bölməsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M-19630/2024 saylı məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan- Salyan regional şöbəsinə fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən əmək müqaviləsi bağlamadan işlərin görülməsinə görə X9 tərəfindən və əmək haqqının verilməməsi ilə bağlı etdiyi müraciətə baxılmışdır. Fiziki şəxs R.X1 əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49-cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüivvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə, iş üzrə inzibati icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, Cavabdeh, X6 əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49-cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüivvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-175/2-M-8856/2024 saylı məktubundan müəyyən edilir ki, X2 fəaliyyətini həyata keçirən X4 (VÖEN **********) iş yerində əmək hüquqlarını pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan- Salyan regional şöbəsinə müraciət etmişdir. Bununla bağlı araşdırmaya yazılı izahat verən Cavabdeh izahatında X9 ilə heç vaxt əmək münasibətləri yaratmadığını bildirmişdir. Bu səbəbdən, X5 iddia tələbinə dair sübutları (sənədləri, hər hansı digər sübutarı) araşdırmaya - X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə təqdim etməsi xahiş edilmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Ağamalıyeva Sevinc məhkəməyə yazılı kağız parçası təqdim edərək, həmin kağız parçasının iddiaçı tərəfindən ona verildiyini qeyd edilmişdir. Həmin kağızda yazılanlar məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, iddiaçı şahid S.Ağamalıyevaya iddia təmin olunacağı təqdirdə 3000 manat pul verəcəyini vəd etmiş, bunun əvəzində isə məhkəməyə yanlış olaraq onun cavabdehlə əmək münasibətlərində olması barədə ifadələr söyləməyə təhrik etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Hacıqabul rayonunu Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesini işlətmişdir. Həmin vaxtlar o, iddiaçı Mirzəyeva Təranə ilə tanış olmuş və onlar arasında qeyri-rəsmi ər-arvad münasibətləri yaranmışdır. Təxminən 7 ilə yaxın iddiaçı və cavabdeh həmin kefəyi bitişik otaqların birində yaşamışlar. Bu müddət ərzində iddiaçı cavabdehin müəyyən ehtiyaclarının ödənilməsində iştirak etmiş, lakin rəsmi olaraq kafedə işləməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şirvan-Salyan regional şöbəsinin göndərdiyi məktublara istinad etsə də, bu barədə məhkəməyə hər hansı digər mötəbər sübutlar təqdim etməmiş, ümumiyyətlə iddiaçı ilə əmək münasibətlərinə daxil olduğunu, onun üçün işlədiyini sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehlərin hüquqazidd əməli nəticəsində ona borclu olduğunu iddia etdiyi məbləği mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar