Məhkəmə qərarları › İş №2(071)-460/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-460/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-460/2023 05.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-683/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahından xx.xx.2001cü il təvəllüdlü X2, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı üç uşaqları anadan olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)- 683/2022 saylı qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hal-hazırda bir azyaşlı uşağı ilə o valideynlərinə məxsus evdə yaşayır və qətnamədə qeyd edilən iki övladı - xx.xx.2001-cü il təvəllüdlü X2, xx.xx.2003-cü il təvəllüdlü X3 hər ikisi hal-hazırda yetkinlik yaşındadırlar. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı təyin olunmuş aliment onu qane etsə də, hal-hazırda təyin olunmuş aliment maddi durumla bağlı onu qane etmir və bir çox çətinliklərlə üzləşir. Aliment miqdarının yetkinlik yaşına çatmamış bir övladı üçün 150 manatdan 220 manat miqdara qədər artırılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, təyin edilmiş alimentin məbləğini çətinliklə də olsa vaxtında ödəməyə çalışır. Uşaqların bütün xərclərini qarşılayır və oğlu ilə mütəmadi olaraq məktəbdə görüşüb ünsiyyətdə olur. Uşağına qarşı atalıq borcunu lazımi qaydada icra edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 iyun 2014-cü il tarixli AZ-İİİ 262627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)- 683/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından üç uşaqları doğulmuşdur. Həmin uşaqlardan ikisi artıq yetkinlik yaşına çatmışdır. Məhkəmənin qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Muradın saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı cavabdehdən onun xeyrinə tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 220 manat olmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ailə vəziyyyətində hər hansı dəyişiklik olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bugünə kimi yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edildiyi halda, iddia ərizəsinin verildiyi 2023-cü il üçün bu məbləğ 220 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq artırılmalı və hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan artıq olmadığından (alimentin artırılmış hissəsi 180-150=30 manat, 30 manat x 12 ay = 360 manat), iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(071)-683/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 02 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar