Məhkəmə qərarları › İş №2(071)-544/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-544/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-544/2022 14.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə faktiki nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, cavabdeh X2 ilə 2019-cu ildə faktiki nikaha girərək ailə həyatı qurmuşlar. Birgə faktiki nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 adında bir uşağı doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Hazırda o, azyaşlı uşağı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh uşağın yaşayışı və maddi vəziyyəti ilə maraqlanmır. O, özü heç bir yerdə işləmir, uşağı təkbaşına saxlamaq çətindir. Bu səbəbdən cavabdehin maddi yardımına ehtiyacı var. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə faktiki nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 60 manat aliment ödəməyə etiraz etmir, onun hər ay 100 manat aliment ödəməyə maddi imkanı yoxdur. Özü əlildir, hər ay 120 manat pensiya alır və fərdi əməklə məşğul olur. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV 400677 nömrəli doğum haqqında şəhadətnamnin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə Şirvan şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə faktiki nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə faktiki nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar