Məhkəmə qərarları › İş №2(071)-590/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-590/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-590/2025 24.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh X3 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2022ci il təvəllüdlü X6 adlı bir uşaq anadan olmuşdur. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşamaqla ailəsi və övladı ilə maraqlanmır, onlara heç bir maddi köməklik göstərmir. Hazırda xx.xx.2022-ci il təvəllüdlü X6 azyaşlı olduğundan iddiaçı onun saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək izahatında bildirmişdir ki, Cavabdeh hazırda nikahın pozulması barədə məhkəmədə iddia qaldırmaq niyyətindədir və bununla bağlı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh uzun müddətdir faktiki olaraq Rusiya Federasiyasında yaşamaqla onlarla maraqlanmır. Birgə nikahdan doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X7 azyaşlı olmaqla onun qulluğa ehtiyacı olduğundan özü işləyib qazanc əldə edə bilmir və uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir. Verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, tərəflər arasında yaranmış soyuqluğun əsas səbəbi qaynanasının onların münasibətlərinə müdaxilələr etməsi olmuşdur. Bu səbəbdən onlar birlikdə Şirvan şəhərində kirayədə yaşamışlar, bir müddət sonra isə cavabdeh qazanc əldə etmək məqsədilə Rusiya Federasiyasına getmiş və həmin vaxtdan nə onunla, nədə övladı ilə maraqlanmamışdır. Hazırda valideynləri ilə birlikdə yaşayır və övladının saxlanılmasına valideynləri ona dəstək olur. Ailənin dağılmasını istəmədiyindən yalnız aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasına razı deyildir. Hazırda oğlu - Cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində işləməklə az miqdarda əmək haqqı alır. Yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment təyin olunacağı təqdirdə həmin alimenti cavabdeh deyil, bilavasitə özü ödəyəcəkdir. Çünki oğlu hazırda həm maddi cəhətdən çətinlik çəkməklə, həm də xəstədir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh həyat yoldaşı İddiaçı ilə olan nikahının pozulması məqsədilə yaxın günlər ərzində məhkəmədə iddia qaldıracaqdır. Tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasına razı olduğunu bildirdi. Qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin ifadələrini dinləyib, iş materiallarında olan digər sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 435321 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə 184 nömrəli akt qeydi ilə nikah bağlayaraq ailə münasibətlərinə daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Rustamov, arvada Rustamova soyadı verilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 700827 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladı vardır. İşin mübahisəsiz halı odur ki, tərəflərin rəsmi nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X7 hazırda anası İddiaçı yanında qalır və o, azyaşlı olmaqla ananın qayğısına ehtiyacı olduğundan mütəmadi olaraq iddiaçının nəzarəti altındadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2026cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən 28 mart 2026-cı il tarixli Qərara yeni 8.4-1-ci bənd əlavə edilmişdir. Həmin dəyişikliyə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarını və hər bir valideynin uşağı saxlamaq vəzifəsi olmasını, eləcə də uşağın saxlanması üçün qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaq - xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qətnamə ilə alimentin tutulması iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2-ci maddəyə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə, iddia ərizəsində qeyd olunan halları, uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın və qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar