Məhkəmə qərarları › İş №2(071)-603/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-603/2021

23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-603/2021 23.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 04.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş övladları - 22.03.2006-cı il təvəllüdlü X2 və 14.09.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 04.04.2006-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahdan 22.03.2006-cı il təvəllüdlü X4 və 14.09.2009-cu il təvəllüdlü X3 adlı iki uşağı var. Uşaqlar hal-hazırda onun himayəsində yaşayırlar. Hacıqabul rayon Məhkəməsinin 24.12.2020-ci İl tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Hazırda o, heç bir yerdə işləmir, uşaqları tək saxlamaq onun üçün çətindir, cavabdeh uşaqların saxlanmasında ona köməklik etmir. Onun cavabdehin maddi yardımına ehtiyacı var. Hazırda Cavabdeh hər ay hər uşağa 85 manat olmaqla, ümumilikdə 170 manat aliment ödəməyə razılaşmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş övladları 22.03.2006-cı il təvəllüdlü X2 və 14.09.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin 24.12.2020-ci il tarixli 2(071)-581/2020 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 04.04.2006-cı il tarixdə 74 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.04.2006-cı il tarixli AZ-İ 746787 nömrəli və 05.11.2009-cu il tarixli AZ-İİ 355331 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 22.03.2006-cı il təvəllüdlü X4 və 14.09.2009cu il təvəllüdlü X3 adlı iki uşağı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. 31.08.2021-ci il tarixdə Mediasiya Şurasında İddiaçı və Cavabdeh arasında bağlanmış sazişdən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdi və hər ay hər uşağa 85 manat olmaqla, cəmi 170 manat aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 31.08.2021-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - Tərəflərin birgə nikahından doğulmuş övladları - 22.03.2006-cı il təvəllüdlü X2 və 14.09.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 04.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 22.03.2006-cı il təvəllüdlü X2 və 14.09.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 04.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 85 manat olmaqla, cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar