Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-634/2025 30.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, nəvəsinin universitetdə təhsil aldığı müddətdə 2024cü ildən 2028-ci ilədək 246 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 və X6 ilə rəsmi nikahla ailə həyatı qurmuşdurlar. Birgə rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8 adlı bir nəfər uşağı anadan olmuşdur. X4 xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Həmin vaxtdan uşaq iddiaçının himayəsindədir. Bugünkü gün müasir dövrün tələbatlarını qarşılaya bilmir, maddi cəhətdən əziyyət çəkir. Uşaq 18 yaşını tamam etmişdir. Hal-hazırda universitetdə oxuyur, onun xərci daha da artmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, qızı X7 və X6 ilə rəsmi nikahla ailə həyatı qurmuşdur. Nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. X4 xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Həmin vaxtdan uşaq onun himayəsindədir. Bugünkü gün müasir dövrün tələbatlarını qarşılaya bilmir, maddi cəhətdən əziyyət çəkir. Odur ki, X1 nəvəsinin universitetdə təhsil aldığı müddətdə 2024-cü ildən 2028-ci ilədək 246 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, aliment tələbi ilə razı deyil. Belə ki, o, qaynatası İddiaçı hər ay müəyyən məbləğdə öz qızı xx.xx.2007-ci il təvəllüdlü X5 universitet məsrəflərini ödənilməsində köməklik edə bilər. Lakin, həmin məbləğində alimentin təyin edilməsi yolu ilə tutulmasına razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarında olan digər sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat manat məbləğində müəyyən edilmişdir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, nəvəsi X5 universitetdə təhsil aldığı dövrdə – yəni 2024-cü ildən 2028-ci ilədək hər ay 246 manat məbləğində alimentin cavabdeh X1 tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçı qeyd etmişdir ki, qızı X7 və cavabdeh rəsmi nikah münasibətində olarkən xx.xx.2007-ci ildə Aysun Ceyhun qızı anadan olmuş, lakin anası 2024-cü ilin iyul ayında vəfat etdikdən sonra həmin uşaq onun – yəni babasının himayəsində qalmışdır. İddiaçı bildirmişdir ki, müasir dövrdə həyat şəraiti ağırlaşdığından və təhsil xərcləri artdığından maddi çətinliklərlə üzləşir və bu səbəbdən nəvəsinin saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh X6 isə məhkəmə iclasında bildirmişdir ki, alimentin məcburi qaydada tutulmasına razı deyil, lakin qızı Aysun Ceyhun qızının təhsil və digər ehtiyaclarına könüllü şəkildə maddi dəstək verməyə hazırdır. İş materiallarına əsasən məlum olur ki, tərəflər arasında alimentin könüllü şəkildə ödənilməsinə dair heç bir razılaşma və ya yazılı saziş mövcud deyil. Məhkəmə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını və müvafiq qanunvericilik normalarını nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iddia tələbi hüquqi əsasdan məhrumdur və rədd edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən alimentin tələb olunduğu şəxs – X8 artıq xx.xx.2025-ci il tarixində 18 yaşını tamamlayaraq tam hüquqlu yetkinlik yaşına çatmış şəxs hesab olunur. Mülki qanunvericilikdə, xüsusilə Ailə Məcəlləsində valideynin yetkin yaşlı, sağlam və əmək qabiliyyətli övladına aliment ödəməsi ilə bağlı heç bir hüquqi öhdəlik nəzərdə tutulmamışdır. Bu qaydanın yeganə istisnası, övladın əmək qabiliyyətindən məhrum olduğu və ya xüsusi qayğıya ehtiyacı olduğu hallardır ki, bu iş üzrə belə bir hal mövcud olmamış və sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin alimentin məcburi şəkildə tutulması formasına razılığı olmadığından, bu öhdəliyin məcburən tətbiqinə hüquqi əsas yoxdur. Qeyd edilməlidir ki, əgər tərəflər yetkinlik yaşına çatmış övladın təhsil və digər zəruri ehtiyaclarının qarşılanması ilə bağlı qarşılıqlı razılığa gəlmək niyyətindədirlərsə, bu məsələnin könüllü şəkildə həlli üçün mediasiya orqanına müraciət etmələri mümkündür. Mediasiya prosesi tərəflərin qarşılıqlı anlaşma və kompromis əsasında hüquqi mübahisəni məhkəmədənkənar yolla həll etməsinə şərait yaradır. Beləliklə, qanunvericiliyin bu tələblərinə uyğun olaraq və təqdim edilmiş sübutlar əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi mümkün deyil və bu səbəbdən də iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-634/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-634/2025
30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver