Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-663/2024 09.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 1508,51 manat məbləğində pulun və 36 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əsas borcalan cavabdehlə "X8" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2972,82 manat məbləğində 1% faizlə 60 ay müddətinə kredit götürülmüşdür. Eyni tarixli Z-BF/17947/72/26 (restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə) nömrəli zaminlik müqaviləsinə əsasən isə o, kreditin ona edilmiş ələvələrdən irəli gələn bütün tələblərə əsas borclu olan cavabdehlə birgə öhdəlik götürmüşdür. 2023-cü ilin fevral ayında 2024-cü ilin aprel ayına qədər cavabdeh kredit müqaviləsi ilə götürdüyü pulu ödəmədiyi üçün məhkəmə qətnaməsi ilə 1508.51 manat pul ondan tutulmuşdur və hal-hazırda həmin məbləği cavabdehdən geri tələb edir. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, cavabdeh iddiaçı ilə qohumluq münasibətində olmaqla onun dayısı oğludur, 2019-cu ildə cavabdehin xahişi əsasında onun bankdan götürdüyü kredit borcuna zamin olmağa razı olmuşdur. İlkin kredit müqaviləsi üzrə cavabdehin borcu ödəməyə imkanı çatmadığı üçün, bankla bağlanmış müqavilə xx.xx.2019-cu il tarixdə yenilənərək müddəti uzadılmışdır. Lakin cavabdeh bundan sonra da banka olan kredit borcunu ödəməmişdir. Dəfələrlə bununla bağlı cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq o, maddi imkanı olduğu halda bank qarşısında götürdüyü öhdəliyini icra etməmişdir. Daha sonra Hacıqabul rayon Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 882 nömrəli icra sənədinə əsasən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli e73748/2021-8-5 saylı tələbin könüllü icrası haqqında bildirişi verilmiş, həmin bildirişlə 10 gün ərzində borcun könüllü ödənilməsi tələb olunmuşdur. İcra sənədinin icrası ilə bağlı olaraq 2022-ci ilin yanvar ayından etibarən kredit borcu üzrə ödəmələr məcburi qaydada hər ay iddiaçının maaşından tutulmağa başlamışdır. Qeyd olunan tutulmalarla bağlı Hacıqabul rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin tarixədək, yəni 2023-cü ilin fevral ayınadək tutulan məbləğləri cavabdehdən geri almışdır (xx.xx.2023-cü il tarixli, 2(071)-94/2023 nömrəli Hacıqabul rayon Məhkəməsinin qətnaməsi-05 vərəq). Hazırda 2023-cü il fevral ayından 2024-cü il aprel ayına qədər onun əmək haqqından tutulmuş 1508.51 manat cavabdehdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən tələb edir. Belə ki, iddiaçıda olan məlumata görə cavabdeh hal-hazırda Hacıqabul rayonunun Pirsaatçay kəndində yerləşən Quşçuluq şirkətində qeyri-rəsmi sürücü işləməklə, həmin şirkətə məxsus yük avtomobilini idarə edib qazanc əldə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-94/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1511,73 manatpul vəsaitini və dövlət rüsumunun əvəzi olan 31 manat vəsaiti tam şəkildə ödəmişdir. Kredit borcundan qalıq qalmış və iddiaçıdan tutulmuş 1508 manatı hazırda tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Əvvəlki qətnamədə göstərilən məbləğdən əlavə ödəniş etməmişdir. Qalıq məbləği ödəməyə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Hacıqabul rayon Məhkəməsinin 2(071)-94/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı olan pul tələbi təmin edilərək cavabdehdən 1511,73 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pul alınaraq iddiaçının xeyrinə tutulması və cavabdehdən 4,11 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmçinin qətnamədən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli Z-BF/17947/72/26 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndindən görünür ki, X4 zamin kimi Cavabdeh ilə “X8” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BF/17947/72/26 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən Cavabdeh “X8” ASC-dən 60 ay müddətinə illik bir faiz ödəmək şərti ilə 2972,84 manat kredit almışdır. Bundan başqa, Hacıqabul rayon Notariat ofisi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli icra qeydinə əsasən X1 “X8” ASC-nin xeyrinə BF/17947/72/26 nömrəli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş ümumilikdə 2988,85 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 3008,85 manat pulun tutulması müəyyən edilmişdir. Bundan başqa, Hacıqabul rayon İcra və probasiya şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 73748/21-5 nömrəli məktubla müəyyən edilmişdir ki, Hacıqabul rayon Notariat ofisinin 8İ-882 saylı icra sənədi icra edilməsi üçün "xxxx" MMCyə göndərilmiş, xx.xx.2021-ci il tarixdən başlayaraq Oktay Müslümovun əmək haqqısından hər ay 40 % tutulub “X8” ASC-yə ödənilməsi barədə sərəncam verilməsi xahiş olunmuşdur. Bundan başqa, Oktay Müslümovun əmək haqqınsından hər ay 10 % tutulub (7% icra ödənişinə görə) Hacıqabul rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsi, icra ödənişi tam ödənildikdən sonra isə yenidən tələbkardan tutulmaların 50%-lə aparılması xahiş edilmişdir. Bundan başqa "xxxx" MMC-nin Hacıqabul Poçt filialı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 5/09 nömrəli arayışından müəyyən edilmişdir ki, Oktay Müslümovun əmək haqqısından 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək ümumilikdə 1511,73 manat məbləğində pul tutulmuşdur. - X5 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1/174 saylı arayışa əsasən müəyyən edilir ki, Cavabdeh Əliheydər oğlunun “X8” bankına olan borcu, zamin olduğu üçün Hacıqabul rayon Notariat şöbəsinin 882 saylı İcra sənədinə görə, Hacıqabul İcra Şöbəsi tərəfindən İddiaçı əmək haqqından 2023-cü il Fevral ayında 101,83, 2023-cü il Mart ayında 123,96, 2023-cü il Aprel ayında 125,59, 2023-cü il May ayında 106,69, 2023cü il İyun ayında 130,82, 2023-cü il İyul ayında 102,12, 2023-cü il Avqust ayında 102,35, 2023-cü il Sentyabr ayında 102,04, 2023-cü il Oktyabr ayında 102,04, 2023-cü il Noyabr ayında 102,02, 2023-cü il Dekabr ayında 00,00, 2024-cü il Yanvar ayında 83,50, 2024-cü il Fevral ayında 101,87, 2024-cü il Mart ayında 122,18 və 2024-cü il Aprel ayında 101,50 manat olmaqla, cəmi 1508,51 (bir min beş yüz səkkiz manat əlli bir qəpik) manat pul tutulmuşdur. - Hacıqabul rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 75202/23-5 nömrəli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh Əliheydər oğlunun və İddiaçı tərəf olduğu Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-94/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata qəbul edilmiş və icra sənədi üzrə borclu Cavabdeh Əliheydər oğlunun tələbkar İddiaçı 42,73 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, “X8” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BF/17947/72/26 saylı (restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə) kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdeh 1 faiz dərəcəsi ilə 60 ay müddətinə bankdan 2972,84 manat kredit götürmüşdür. X4 xx.xx.2019-cu il tarixli Z-BF/17947/72/26 nömrəli zaminlik müqaviləsinə əsasən “X8” ASC qarşısında Cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə birgə öhdəlik götürmüşdür. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, “X8” ASC ərizə ilə Hacıqabul rayon Notariat ofisinə müraciət edərək zamindən pulun tutulması üçün Hacıqabul rayon İcra və probasiya şöbəsinə icra qeydi göndərilməsini tələb etmişdir. Hacıqabul rayon notariusunun xx.xx.2021-ci il tarixli, 8İ-882 nömrəli icra qeydinə əsasən X1 “X8” ASC-nin xeyrinə BF/17947/72/26 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş ümumilikdə 2988,85 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 3008,85 manat pulun tutulması müəyyən edilmişdir. İcra mərhələsində Hacıqabul rayon Notariat ofisinin 8İ-882 saylı icra sənədi əmək haqqından müvafiq məbləğlərin tutulması üçün Oktay Müslümovun işlədiyi "xxxx" MMC-yə göndərilmiş və həmin icra sənədi üzrə X2 əmək haqqından 2022-ci ilin yanvar ayından başlayaraq 2023-cü ilin yanvar ayı da daxil olmaqla ümumilikdə 1511,73 manat, 2023-cü ilin fevral ayı daxil olmaqla 2024-cü ilin aprel ayınadək 1508,51 manat pul tutulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 2(071)-94/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən kredit borcu üzrə zamin olaraq iddiaçıdan notarius tərəfindən verilmiş icra sənədi ilə bağlı 2022-ci ilin yanvar ayından başlayaraq 2023-cü ilin yanvar ayı da daxil olmaqla tutulmuş 1511,73 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda qeyd olunan məbləğ cavabdeh tərəfindən tam icra edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırkı halda isə borc tam ödənilməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, X4 zamin kimi onun əmək haqqından 2023-cü ilin fevral ayından 2024-cü ilin aprel ayı daxil olmaqla tutulan 1508,51 manat pul məbləğini borclu Cavabdeh tələb etməyə haqlıdır. Odur ki, iddia təmin edilməli, 1508,51 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1508,51 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36 manat İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1508,51 (min beş yüz səkkiz manat, əlli bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36 (otuz altı manat) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-663/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-663/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver