Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-677/2024 20.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat, xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatana qədər hər ay 65 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2023-cü ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan övladı xx.xx.2024-cü il təvəllüdlü övladı X2 doğulmuşdur. Hal-hazırda tərəflər faktiki olaraq ayrı yaşayır, cavabdeh uşağın saxlanılmasında iştirak etmir və bu səbəbdən alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçı, uşaq 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq cavabdehdən hər ay 65 manat tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş edir. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, o, uşaq doğulmamışdan öncə rəsmi qaydada işləyib məvacib almış, lakin hazırda uşağa qulluq etdiyi üçün işləyə bilmir, cavabdeh isə ona maddi cəhətdən uşağın saxlanılması üçün köməklik göstərmir. Belə ki, övladının anadan gəlmə xəstəliyi olmaqla daimi qulluğa ehtiyacı vardır. Bu dövrdə isə cavabdeh ona maddi yardım etmədiyindən uşağın saxlanılmasında çətinlik çəkir. O, cavabdehə uşaqla ünsiyyətlə bağlı problem yaratmır və istənilən vaxt görüşməsi üçün şərait yaratmasına baxmayaraq cavabdeh özü buna cəhd göstərmir. Hazırda uşağın xərcləri çoxdur. Bu səbəbdən aliment alması zəruridir. Nikah dövründə cavabehlə Bakı şəhərində kirayədə yaşamış, hazırda isə tək kirayədə yaşamaq məcburiyyətində qaldığından maddi çətinliyi artmışdır. Eyni zamanda qeyd edir ki, cavabdeh “Paşa-K” firmasında qablaşdırıcı vəzifəsində işləməklə 350 manat maaş almasına dair arayış təqdim etməsinə baxmayaraq, whatsApp mobil tətbiqi vasitəsilə yazışmalarında cavabdeh ona məvacibdən əlavə gəlirlərinin olmasını təsdiq etmişdir. Həmin yazışmalarının mətnini məhkəməyə sübut olaraq təqdim etmişdir. Odur ki, göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirir ki, iddia ərizəsində qeyd edilənləri müdafiə edir. İddianın təmin olunmasını xahiş edir. Bundan başqa əmək haqqında dair cavabdehin təqdim etdiyi arayış həqiqəti əks etdirmir. Realda cavabdeh daha çox pul alır. Cavabdehin gəlirləri qeyri-müəyyən olduğu üçün sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçının cavabdehlə olan “Whatsapp” yazışmalarında cavabdehin əlavə gəlirləri olması sübuta yetirilir. Mediasiya prosesində isə cavabdeh üzrsüz səbəbdən gəlmədiyi üçün mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X10 iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi, cavabdeh “Paşa-K” firmasında işləməklə rəsmi gəliri 350 manat təşkil edir. Bu səbəbdən iddia tələbində qeyd edilən aliment məbləği cavabdehi maddi cəhətdən çətin vəziyyətə salır və ödəmək iqtidarında deyildir. Həmçinin iddiaçı tərəfindən ailənin davam etdirilməsi mümkün deyil və boşanma ilə bağlı müraciət ütməsinə baxmayaraq uşaq bir yaşına çatmadığı üçün mümkün olmamışdır. Yalnız uşağın 1 yaşı olduqdan sonra cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcək, hazırki halda isə qanunvericilik buna imkan vermir. İddiaçının cavabdehlə olan yazışmalarının sübut olaraq qəbul edilməsinə razı deyil. Belə ki, cavabdeh yazışmada qeyd olunduğu kimi, əlavə gəlirinin olmasını bildirməsinə baxmayaraq, gələcəkdə bu gəlirin stabil olması bəlli deyildir və faktiki olaraq cavabdehin rəsmi gəliri 350 manat təşkil edir. Bununla yanaşı iddiaçı uşaqla görüşməsi üçün cavabdehə şərait yaratmır. Buna baxmayaraq iddiaçının ümumi tələb etdiyi aliment məbləği 150-200 manat arası olsa, cavabdeh tələbi qəbul edə bilər. Yəni, iddianı qismən qəbul edir. Çünki rayon yerində uşağın saxlanılması xərcləri nisbətən aşağı olur. Hesab edir ki, uşağın saxlanması üçün ağlabatan aliment məbləği təyin olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 5 saylı Bakı Asan Xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli AZ-T № 055709 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, Cavabdeh və İddiaçı xx.xx.2023-cü il tarixdə 1281 №-li akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Həsənzadə, arvada Söhbətova Həsənzadə soyadı verilmişdir. İş materiallarında olan “Paşa-K” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 045 nömrəli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən “Paşa- K” firmasında qablaşdırıcı vəzifəsində işləyir, əmək haqqı isə 350 manat təşkil edir. Həmçinin iddiaçı barəsində verilmiş sosial arayışdan müəyyən edilir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X11-Tədqiqat İnstitutunda texnik və tyutor vəzifələrində işləmiş, əmək haqqı məbləği 241-645,39 manat aralığında təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İV 946976 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X3 adlı övladları var. İşin mübahisəsiz halı odur ki, birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalır və o, azyaşlı olmaqla ananın qayğısına ehtiyacı olduğundan mütəmadi olaraq iddiaçının nəzarəti altındadır. Bundan başqa iddiaçı uşağın doğulmasından öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X11-Tədqiqat İnstitutunda işləməklə gəliri olmuş, hazırda isə işləmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, işin faktiki hallarını və hər bir valideynin uşağı saxlamaq vəzifə olmasını, eləcə də uşağın saxlanması üçün qanunla müəyyən edilmiş yaşayışı minimumu məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp yazışmasından müəyyən edilir ki, cavabdeh yazışmalarında şirkətin idarəetməsinin onun əlində olmasını, sənədlərə onun imza atmasını, qeyri-rəsmi anbar müdiri vəzifəsini icra etdiyini, kart hesabına maaşın yarısının köçürüldüyünü əsas 300 manat əmək haqqından əlavə olaraq 400-500 manat aldığını, ümumi 700-800 əmək haqqından başqa, hər furadan 20-30 manat aldığını bildirmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi qeyd olunan yazışmaya görə əldə edilən əlavə gəlirin gələcəkdə stabil olmasına dair sübut olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf nə qədər ki, qeyd olunan yazışmanın ona aid olmasını, hətta əlavə gəlir olmasını inkar etməmişdir, o, dolayısı ilə 350 manatdan əlavə gəlirinin olmasını etiraf etmişdir. Belə olan halda, iddiaçının uşağa qulluqla bağlı işləməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın saxlanması üçün hər ay cavabdehdən 235 manat sabit aliment məbləğinin tutulması hissəsində tələb əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Odur ki, məhkəmə iddiaçının əvvəllər işləyərək gəlir əldə etməsini və hazırda uşağa qulluqla bağlı işləmək iqtidarında olmamasını, tərəflərin hazırda da rəsmi nikahda olmalarını və cavabdehin gəlirini nəzərə alaraq hesab edir ki, iddia tələbi ərin arvada münasibətdə ümumi uşaqın doğulduğu gündən üç il ərzində aliment ödəməsinə dair hissədə iddia tələbi qismən təmin edilməlidir və xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq, İddiaçı verilməlidir. Məhkəmə həmçinin cavabdehin mediasiya prosesində iştirak etməməsini və bunun üzrlü səbəblərinə dair sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin tutulması hissəsində də iddia tələbi təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, ilkin mediasiya prosesində tərəflərdən biri üzrsüz səbəbdən iştirak etmədiyi halda mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəməli, əks halda əgər tərəflər arasında ayrı razılaşma yoxdursa mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür Beləliklə, göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək, yəni xx.xx.2027-ci il tarixədək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, aliment xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin olunduğundan cavabdehdən dövlət nəfinə 50 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Eyni zamanda Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək, yəni xx.xx.2027-ci il tarixədək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Əkbərli Günel
Məhkəmə qərarları › İş №2(071)-677/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-677/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver