Məhkəmə qərarları › İş №2(071)-690/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-690/2021

03.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-690/2021 03.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 28.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş övladı – 29.09.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması Cavabdeh hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 18.05.2006-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan onların 29.09.2008-ci il təvəllüdlü X3 adlı bir uşaqı var. Cavabdehlə aralarındakı nikah 08.10.2019-cu il tarixdə pozulmuşdur. Hazırda o, heç bir yerdə işləmir, uşağın maddi təminatını ödəməkdə çətinlik çəkir. Cavabdeh uşağın saxlanmasında ona köməklik etmir. Onun cavabdehin maddi yardımına ehtiyacı var. Mediasiya Şurasında 07.10.2021-ci il tarixdə cavabdehlə bağladıqları barışıq sazişinə əsasən cavabdeh hər ay 70 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, tərəflərin Mediasiya Şurasında 07.10.2021-ci il tarixdə bağladıqları barışıq sazişini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.10.2008-ci il tarixli AZ-İİ 160874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 29.09.2008-ci il təvəllüdlü X3 adlı bir uşağı var. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. X2 Mətanət Ədalət qızı və Cavabdeh arasında bağlanmış 07.10.2021-ci il tarixli 2021-003365 nömrəli sazişdən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh övladı - 29.09.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 70 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, 07.10.2021-ci il tarixli sazişi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladı 29.09.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 28.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - 29.09.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 28.10.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar