Məhkəmə qərarları › İş №2(071)-777/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-777/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-777/2024 24.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova(Babayeva) Məsmə Yaşar qızına qarşı “aliment miqdarının azaldılması tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova(Babayeva) Məsmə Yaşar qızına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancın (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsinə dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-658/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancının (başqa gəlirlərinin) 1/6 hissədə və ya digər diqqətə alınmalı hallar nəzərə alınaraq daha az miqdarda aliment məbləği müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, cavabdehlə boşandıqdan sonra rəsmi nikaha daxil olmadan ikinci dəfə el adəti ilə ailə həyatı qurmuş və 2 ekiz övladı doğulmuşdur. O, “Azneft” İstehsalat Birliyində operator vəzifəsində işləməklə 1700 manat aylıq əmək haqqı alır və 380-400 manatını aliment olaraq cavabdehə ödəyir. Həmin 1700 manat əmək haqqının 300 manatını öz aylıq ehtiyacları üçün xarcləyir. Bundan başqa himayəsində olan atası 1-ci qrup əlildir, öz valideynləri ilə birgə yaşamaqla hər ikisi onun himayəsindədir. Göstərilənlərlə yanaşı, yenidoğulmuş ekiz övladlarının saxlanılmasında çətinlik çəkir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirdi ki, valideynləri təqaüdçü olmaqla qanunla müəyyən edilmiş təqaüd alır. Bundan başqa o, ikinci həyat yoldaşı ilə rəsmi nikaha daxil olmamaqla birgə yaşayır, həmin övladlarının saxlanılması üçün aliment öhdəliyi yoxdur və anası ilə birgə onların saxlanılmasında iştirak edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-658/2021 saylı qətnaməsi ilə müəyyən olunur ki, tərəflər arasında 26 aprel 2018-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində 1227 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 ananın - Cavabdeh yanında qalması müəyyən edilmiş və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ 462076 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasındakı nikah Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixində xitam verilmiş və nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 345 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qızılburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 138 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı Məmmədov X6 rayonu Qızılburun kəndində atası – xx.xx.1965-ci il təvəllüdlü X3, anası – xx.xx.1966-cı il təvəllüdlü X5, həyat yoldaşı – xx.xx.2001-ci il təvəllüdlü X1, oğlu – xx.xx.2024-cü il təvəllüdlü Məmmədli Tural Zaur oğlu, qızı – xx.xx.2024-cü il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, PUX-02/114 saylı arayışdan müəyyən edilmişdir ki, İddiaçı “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsi üzrə xx.xx.2016-cı ildən etibarən neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/3 saylı arayışdan müəyyən edilmişdir ki, “Neft Daşları” NQÇİ-nin işçisi İddiaçı orta aylıq əmək haqqı 1713,72 (min yeddi yüz on üç manat yetmiş iki qəpik) təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alıb. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq qeyd edir ki, alimentin azaldılması tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin mararını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2.). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa məhkəmə vurğulayır ki, alimentin azaldılması tələbinə dair işlərə baxılarkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Hazırki halda tərəflərin nikahlarından anadan olmuş uşağa görə müəyyən edilmiş alimentin azaldılaraq miqdarının salınması uşağın qanunvericiliklə qorunan mənafelərinə, maraqlarına ziddir və onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına xələl gətirəcəkdir. Ailə qanunvericiliyinə görə aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirilmişdir. İddiaçı hal-hazırda ekiz övladının olmasını əsas gətirərək yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) məhz 1/6 hissəsi məbləğində alimentin tutulmasına istinad edir. Aparılmış araşdırmalarla müəyyən olumuşdur ki, iddiaçı yenidoğulmuş övladlarının anası ilə rəsmi nikaha daxil olmasa da birlikdə yaşayır. Belə olan halda isə məlum olur ki, iddiaçının hazırkı tələbi AM-in 112.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun deyildir, yəni onun ailə və maddi vəziyyətində əvvəlki nikahdan olan uşağa görə ödədiyi alimentin azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməmişdir, iddiaçı bu tələbini cavabdehi əlverişsiz vəziyyətə salmaq üçün vermişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Məmmədova(Babayeva) Məsmə Yaşar qızına qarşı xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancın (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsinə dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və 2(002)-658/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancının (başqa gəlirlərinin) 1/6 hissədə və ya digər diqqətə alınmalı hallar nəzərə alınaraq daha az miqdarda aliment məbləği müəyyənləşdirilməsinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 238-ci, 241-244-cü, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar