Məhkəmə qərarları › İş №2(071)-779/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-779/2022

20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-779/2022 20.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Firudin oğluna qarşı “aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Firudin oğluna qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Firudin oğlu ilə fakitiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Firudin oğlundan hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh Firudin oğlu ilə 2015-ci ildə faktiki nikaha girərək ailə qurmuşdur, faktiki nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir uşağı var. Aralarında rəsmi nikah bağlamamışlar. Cavabdehlə faktiki olaraq ayrılmışlar, oğlu Cavidan onun yanında qalır. Uşağı təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. O, işləmir və uşağın saxlanması üçün cavabdehin maddi yardımına ehtiyacı var. Mediasiya Şurasında xx.xx.2022-ci il tarixdə cavabdehlə barışıq sazişi bağlamışlar, sazişə əsasən cavabdeh uşağa hər ay 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh razılaşdıqları alimenti ödəməkdən boyun qaçırdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Firudin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli AZ-İ 397019 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh Firudin oğlu - xx.xx.2016-cı il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. xx.xx.2018-ci il tarixli AZ-İV 665108 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 xx.xx.2016-cı ildə Hacıqabul şəhərində doğulmuşdur. Atası Cavabdeh Firudin oğlu, anası İddiaçıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. X1 Aygün Həsənxan qızı və Cavabdeh Firudin oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli MŞİH-003363 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflərin arasındakı razılaşmaya əsasən Cavabdeh Firudin oğlu İddiaçı ilə faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 250 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, xx.xx.2021-ci il tarixli barışıq sazişini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh Firudin oğlundan 50 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin fakitiki nikahdan doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Firudin oğlundan 50 (əlli) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar