Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-795/2025 10.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə Cavabdeh hər ay 246 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə 29 iyul 2010cu il tarixli, 231 nömrəli akt qeydi əsasında nikahlarını qeyd etdirməklə evlənmişdir. Tərəflərin rəsmi nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı 2 (iki) övladları anadan olmuşdur. Daha sonra münasibətləri pisləşdiyindən, aralarında söz-söhbət olduğundan ayrı yaşamağa başlamış və qeyri-rəsmi ayrılmışdır. Daha sonra Cavabdeh iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(071)-10/2025 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış və akt qeydləri kitabında 231 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulması və birgə nikahımızdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X3 atanın himayəsində qalmaları müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda o, himayəsində olan uşağa baxmağa borclu olduğundan alimentlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 çıxışında bildirmişdir ki, hazırda aliment almır və ödəmir. Oğlu, yəni hazırda mülki iş üzrə İddiaçı Rusiya Federasiyasında işləyir. Oğlunun adından nəvəsinin saxlanılması üçün 246 manat məbləğində alimentin cavabdeh tərəfdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəf onun oğlunun Azərbaycanda olduğu müddət ərzində oğlundan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment istəməmişdir. Oğlu Rusiyada olarkən alimentin verilməsini tələb etmişdir. İddiaçı oğlundan aliment alınacağı barədə qətnamədən xəbərsiz olduğunu bildirmişdir. Lakin, məhkəmə tərəfindən onun oğluna məhkəmənin vaxtı və yeri barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclası zamanı isə oğlundan aylıq 100 manat aliment alınacağı bildirilmişdir və həmin şəxs nikahın pozulmasına etiraz etməmişdir. Lakin alimentə etiraz etmişdir. Oğlunun 6 aydır Rusiyada işlədiyini və əmək haqqı almadığını bildirmişdir. Təyin olunmuş alimenti ödəməyə oğlunun maddi imkanı olmadığını qeyd etmişdir. Verilən suallara cavab olaraq 2024-cü ildə təyin olunan alimentdən 2025-ci ilin aprel ayında xəbərdar olmuşdur. O çıxışında alimentin təyin olunmasından xəbərdar olsaydı alimenti ödəyəcəyini qeyd etsə də, çıxışı ilə ziddiyətli şəkildə 2025-ci ilin aprel ayından bəri xəbərdar olduğu alimenti də 5 ay ərzində ödəməmişdir. Himayəsində olan nəvəsini pensiyaları hesabına saxladığını bildirmişdir. Oğlunun boşanmaq istəyi olmadığını bildirmişdir. Cavabdehin himayəsində olan uşağı öz evində və öz himayəsində olmaqla saxlamağı qəbul edir, lakin aliment ödəməyi qəbul etmir. Məhkəmə tərəfindən ona alimentdən xəbərdar olduqdan sonra da ödəməmələri qeyd olunaraq o zaman alimentdən xəbərdar olmalarının bir əhəmiyət kəsb etmədiyi bildirilmişdir. Çünki alimentdən xəbərdar olduğunu iddia etdiyi müddətdən sonra da heç bir aliment ödəməmişdir. Aliment ödəməsə də, kiçik maddi yardımlar göstərdiyini bayram günlərində “pay” göndərdiyini qeyd etmişdir. Yekunda isə 246 manat aliment tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, aliment tələbi ilə razı deyil. İddiaçı tərəf təyin olunan 100 manat aliment məbləğini indiyədək ödəməmişdir. Aliment ödəməyə imkanı olmadığını heç bir yerdə işləmədiyini, sosial yardım almadığını, himayəsində olan azyaşlı uşağı isə valideynlərinin dəstəyi ilə saxladığını qeyd etmişdir. Daimi işləmir bəzən 10 manat civarlarında muzdla iş gördüyünü bildirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarında olan digər sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, 2(071)-10/2025 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış və akt qeydləri kitabında 231 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulması və birgə nikahımızdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X3 atanın himayəsində qalmaları müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəflərin təqdim etdiyi izahatları, yazılı sübutları və mövcud qanunvericiliyin tələblərini hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı aliment tutulması barədə irəli sürdüyü tələbi əsassızdır və təmin olunmamalıdır. Əvvəla, məhkəmə müəyyən etmişdir ki, cavabdeh hazırda hər hansı daimi əmək fəaliyyəti ilə məşğul olmur, müntəzəm qazanc mənbəyinə malik deyil və sosial vəziyyətinə görə öz dolanışığını belə çətinliklə təmin edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə görə alimentin miqdarı və ödənilmə forması tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Cavabdehin faktiki olaraq gəlirə malik olmaması şəraitində onun üzərinə əlavə aliment öhdəliyinin qoyulması hüquqi baxımdan əsassız və icrası qeyri-mümkün olardı. İddiaçının nümayəndəsi cavabdehin gəlir əldə etmədiyi barədə mövqeyin reallığı əks etdirmədiyini bildirsə də, məhkəmə bu mövqeyi təsdiqləyən inandırıcı sübutlar təqdim edilmədiyini, yalnız subyektiv mülahizələrə əsaslandığını müəyyən etmişdir. İkincisi, mövcud məhkəmə qətnaməsi ilə artıq İddiaçı Cavabdeh xeyrinə aliment ödəməsi təsbit olunmuşdur. Belə şəraitdə cavabdehdən də eyni qaydada iddiaçının xeyrinə aliment tutulması hüquqi məntiq baxımından ziddiyyətli vəziyyət yaradar. Nəticə etibarilə, tərəflərdən hər biri digərinə eyni məbləğdə aliment ödəmək öhdəliyində qalacaq və bu, faktiki olaraq qarşılıqlı ödənişlərin bir-birini kompensasiya etməsinə gətirib çıxaracaqdır. Belə hal məhkəmə qətnaməsinin mahiyyətinə zidd olmaqla yanaşı, alimentin sosial təyinatına və uşaqların təminatına xidmət edən prinsiplərə də uyğun gəlmir. Məhkəmə, həmçinin iddiaçının nümayəndəsinin oğlunun Rusiya Federasiyasında yaşadığı və orada hər hansı qazanc əldə etmədiyi barədə təqdim etdiyi izahatları da yetərli hesab etməmişdir. Məhkəmənin qənaətinə görə, təqdim olunan məlumatlar iddiaçının ailə üzvlərinin faktiki yaşayış şəraitini və qazanc imkanlarını obyektiv əks etdirmir, bu səbəbdən də iddianın əsası kimi qəbul oluna bilməz. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə İddiaçı cavabdeh Mehribanın xeyrinə ödəməli olduğu aliment öhdəliyi hazırda icra olunmur. Digər tərəfdən, Cavabdeh özü də həmin alimentin ödənilməsini tələb etmədiyini, alimentin ödənilməsində maraqlı olmadığını məhkəməyə bildirmişdir. Bu hal tərəflərin faktiki münasibətlərində qarşılıqlı aliment tələblərinin həyata keçirilmədiyini və onların sosial-iqtisadi reallıqlara uyğun olmadığını göstərir. Məhkəmə qeyd edir ki, alimentin təyin olunmasında əsas məqsəd uşaqların mənafelərinin müdafiəsi, onların minimum yaşayış xərclərindən az olmayan təminatının qorunmasıdır. Lakin mövcud şəraitdə iddiaçı tərəfindən irəli sürülmüş tələb uşaqların rifahına yönəlmir, əksinə tərəflər arasında qarşılıqlı və nəticəsiz aliment öhdəliklərinin yaranmasına səbəb olur. Nəticə etibarilə, məhkəmə bütün halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehin xeyrinə aliment tutulması barədə tələbi nə hüquqi, nə də faktiki əsaslarla təsdiqlənmir. İddia tələbi mövcud ailə və maddi şəraitə uyğun gəlmir, tərəflərin mövcud məhkəmə qərarlarından irəli gələn öhdəlikləri ilə uzlaşmır və aliment institutunun sosial məqsədinə xidmət etmir. Beləliklə, qanunvericiliyin bu tələblərinə uyğun olaraq və təqdim edilmiş sübutlar əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi mümkün deyil və bu səbəbdən də iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-795/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-795/2025
10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver