Məhkəmə qərarları › İş №2(071)-969/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-969/2022

22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-969/2022 22.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Cavabdeh, onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məlumatların məhkəmə qaydasında təkzib olunması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “məlumatların məhkəmə qaydasında təkzib olunması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin yaymış olduğu məlumatların onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, cavabdehin üzərinə yaymış olduğu məlumatların həmin məlumatları yaydığı sosial şəbəkələrdə təkzib edilməsi öhdəliyinin qoyulması və onun işgüzar nüfuzunu ləkələyən məlumatlar yayması səbəbindən cavabdehdən 5.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Şirvan şəhərində fəaliyyət göstərən "xxxx" MMCnin direktorudur. 04 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nə məxsus **-AD-*** dövlət nömrə nişanlı, "xxxx" markalı avtomobili yol vərəqəsi əsasında idarə edən MMC-də mexanik vəzifəsində işləyən X4 tərəfindən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Cavabdeh yüngül xəsarət almışdır. MMC-nin əməkdaşı X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etmək istəyirəm ki, hadisə nəticəsində Cavabdeh avtomobilinə və sağlamlığına dəymiş ziyan tam şəkildə sığorta şirkəti tərəfindən Cavabdeh ödənilmişdir. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan sırf sahibkar kimi onun işgüzar nüfuzuna zərər vurmaq üçün “Facebook” və “Tiktok” sosial şəbəkələrində öz iştirakı ilə çəkilmiş video paylaşaraq guya onun tərəfindən aldadılaraq xəstəxanadan çıxarıldığını və daha sonra ona hədə qorxu gəlindiyini bildirmişdir. O, heç vaxt cavabdehi görməmiş, nə özü, nə də, ailə üzvlərindən heç kəs cavabdehlə görüşməmişdir. Cavabdeh qəsdən sosial şəbəkələrdə video paylaşaraq sahibkar kimi onun nüfuzunu ağaşı salaraq işgüzar nüfuzuma zərər vurmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı, onun nümayəndəsi və vəkili X1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və ərizə təqdim edərək izahatında bildirdi ki, 04 aprel 2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus **-AD-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobili yol vərəqəsi əsasında idarə edən MMC-də mexanik vəzifəsində işləyən X4 tərəfindən yol-nəqliyyat hadisəsi baş vermişdir. O, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanada yatmışdır. O, xəstəxanada olan zaman iddiaçı ona dəymiş ziyanın tam ödəniləcəyinə söz verərək onu xəstəxanadan çıxarsa da, sonradan ona dəymiş ziyanı ödəməmişdir. İddiaçı ona dəymiş ziyanı ödəmədiyindən o, əsəbləşərək “Facebook” və “Tiktok” sosial şəbəkələrində videoçəkilişlər paylaşmışdır. O, “Facebook” və “Tiktok” sosial şəbəkələrində videoçəkilişlər paylaşmaqda səhv etmişdir. İddiaçıdan buna görə üzr istəyir, lakin iddiaçıya mənəvi ziyan əvəzi olaraq pul ödəməyə maddi imkanı yoxdur. Bunu nəzərə alaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, yazılı etirazını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X3 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, X4 xx.xx.2022-ci il tarixdə saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mitsubishi L200 markalı 18-AD- 247 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən 131-ci kilometrliyində Bakı istiqəmtində 90 km/saat sürətlə yolun sağ zolaqında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda onunla eyni istiqamətdə «Dacia Loğan» markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla həmin minik avtomobilinin sol tərəfindən ötüb getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək avtomobilinin sağ qabaq hissəsini qarşıda 80 km/saat sürətlə hərəkətdə olan Cavabdeh etibarnamə ilə idarə etdiyi «Dacia loğan» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol arxa hisəssi ilə toqquşdurmuş, toqquşma nəticəsində zərbənin təsirindən «Dacia Loğan» markalı avtomobil sağa istiqamətlənərək yolun sağ kənarı ilə hərəkətdə olan X2 idarə etdiyi «Mercedes Benz E208D» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Cavabdeh qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, sol alın-təpə nahiyyəsinin dərialtı hematoması, başın və sağ dizin sıyrılmış yaraları, sağ diz oynağının hematoması, bel-oma nahiyəsində əzələ bağı aparatının gərilməsi kimi xəsarətləri almaqla sağlamlığına yüngül zərər vurulmasına və hər iki avtomobilin zədələnməsinə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bununlada baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh sağlamlığına yüngül zərər vurulması xəsarəti alması faktı əsında toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə görə təqsirkar tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır və şəxsin əməli Azərbaycan RespublikasıCM-nin 263-cü maddəsi ilə tövsif olunur. Toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Avtoservis və Ticarət müəssisəsi”nin mütəxəsini F.M.Ələkbərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən-aktdan müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh etibarnamə ilə idarə etdiyi «Dacia loğan» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4.690 manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəifndən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əassən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh “Facebook” və “Tiktok” sosial şəbəkələrində İddiaçı barəsində həqiqətə uyğun olmayan vidoçəkiliş paylaşmaqla İddiaçı şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ziyan vuran məlumatlar paylaşmışdır. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddianı qismən etiraf edərək, onun avtomobilinə dəymiş ziyanın tam olaraq ödənilmədiyindən əsəbləşərək həmin videoları çəkib paylaşdığını, hazırda əməlindən peşman olduğunu, paylaşdığı videolara görə iddiaçıdan üzr istədiyini lakin mənəvi ziyanı ödəməyə maddi imkanının olmadığını göstərmişdir. Məhkəmə İddiaçı dəyən zərəri, onun psixoloji durumunu, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Facebook” və “Tiktok” sosial şəbəkələrində İddiaçı barəsində yaydığı məlumatlar həqiqətə uyğun olmayan və İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməlidir. İddia tələbi mənəvi zərərin əvəzi olaraq 5.000 manat pul tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Facebook” və “Tiktok” sosial şəbəkələrində İddiaçı barəsində yaydığı məlumatlar həqiqətə uyğun olmayan və İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar