Məhkəmə qərarları › İş №2(071)-999/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-999/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-999/2023 12.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü Piriyeva (Eynullayeva) Nuray Elvin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2019-cı il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə qeyri-rəsmi nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. Hal-hazırda cavabdehlə o, ayrılmışdır. Cavabdeh nə birgə, nə də ayrı yaşadıqları dövrdə azyaşlı uşağının yaşayışı və maddi vəziyyəti ilə maraqlanmamışdır. Heç bir yerdə işləmir, uşağı tək saxlamaqda çətinlik çəkir. Ona görə də cavabdehin maddi yardımına ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehdən faktiki nikahdan doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, o, hər ay azyaşlı uşağının saxlanılması üçün 100 manat ödəməyə razıdır. Maddi imkanı olduqda daha artıq məbləğdə ödənişlər də edəcəkdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 855740 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 01700 saylı Barışıq Sazişindən görünür ki, Eynullayev X4 Aytən Ramil qızı ilə qeyri-rəsmi nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X5 atalıq, yəni X1 ata qrafasında onun, Cavabdeh Elmədin oğlu kimi qeyd edilməsi üçün xx.xx.2023-cü il tarixində Hacıqabul rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməyi öhdəliyinə götürmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutla müəyyən edildi ki, tərəflərin qeyri-rəsmi nikahından bir azyaşlı uşağı doğulmuşdur. Tərəflər arasında olan ailə münasibətləri baş tutmadığından onlar ayrılmış və uşaq iddianın yanında yaşayır Uşaq iddiaçının yanında yaşadığından, o, cavabdehə qarşı uşaqın saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Nuray adlı uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında yaşadıqından, iddiaçı uşaqın saxlanması üçün cavabdehdən alimentin tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqın saxlamadıqda uşaqın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ilkin tələbində cavabdehdən uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tələb etsə də, məhkəmə araşdırması dövründə iddianın həcmini azaldaraq cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmadan cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan 10000 manatadək olduğundan (1200 manat), iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar