Məhkəmə qərarları › İş №2(072)-271/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-271/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-271/2025 23.04.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 24 avqust 2009-cu ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 27 yanvar 2010-cu ildə “Elvin” və 11 sentyabr 2013-cü ildə “Elgün” adlı 2 (iki) oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Beləliklə, İmişli Rayon Məhkəməsinin 2(036)-622/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi qət edilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-3174/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından 27 yanvar 2010-cu ildə anadan olmuş X1 və 11 sentyabr 2013-cü ildə anadan olmuş X2 özünün yanında qalması qət edilmişdir. Cavabdeh öz doğma uşaqlarının qayğıları ilə maraqlanmır, onlara ata qayğısı, nəvazişi göstərmir. Özü heç bir yerdə işləmir. Lakin Cavabdeh fərdi əmək ilə məşğul olur və onun müəyyən məbləğ qazancı vardır Təbii ki, uşaqların böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Onu da qeyd edir ki, uşaqlar orta məktəbdə təhsil alır, onları saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Vüsal yetkinlik yaşına çatmayan uşaqları Elvinə və Elgünə layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir. Düzdür, valideynləri ona maddi cəhətdən köməklik edir. Lakin bu hal Vüsalı bir valideyn, bir ata kimi öz doğma övladlarını saxlamaq, onların qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, rəsmi nikahlarından 27 yanvar 2010-cu ildə anadan olmuş X1 və 11 sentyabr 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 200 (iki yüz) AZN sabit pul məbləğində, ümumilikdə 400 (dörd yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 24 avqust 2009-cu ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 27 yanvar 2010-cu ildə “Elvin” və 11 sentyabr 2013cü ildə “Elgün” adlı 2 (iki) oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Beləliklə, İmişli Rayon Məhkəməsinin 2(036)-622/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi qət edilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-3174/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından 27 yanvar 2010-cu ildə anadan olmuş X1 və 11 sentyabr 2013-cü ildə anadan olmuş X2 iddiaçı (ana) İddiaçı yanında qalması qət edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Hesab edir ki, o, rəsmi nikahlarından anadan olmuş uşaqları Elvinin və Elgünün atası deyildir. Əgər rəsmi nikahlarından anadan olmuş oğlan uşaqları Elvinin və Elgünün atası özüdürsə, maddi imkanı nəzərə alınmaqla, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəyə bilər. Bundan başqa, özü işləmir və tələb edilən aliment məbləğini ödəməyə də maddi imkanı yoxdur. Bu səbəbdən də, o, İddiaçı ona qarşı irəli sürdüyü “aliment” tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, iddia tələbinin qismən təmin edilərək, rəsmi nikahlarından 27 yanvar 2010-cu ildə anadan olmuş X1 və 11 sentyabr 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 426679 №-li, 21 may 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 27 yanvar 2010-cu ildə “X3” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 139090 №-li, 01 oktyabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 11 sentyabr 2013-cü ildə “X4” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-622/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikaha xitam verilməsi qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-3174/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahından 27 yanvar 2010-cu ildə anadan olmuş X1 və 11 sentyabr 2013-cü ildə anadan olmuş X2 iddiaçı (ana) İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 492552 №-li, 10 fevral 2025-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 25 mart 2017-ci il tarixdə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 44 № ilə qeyd edilmişdir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı rəsmi gəliri yoxdur. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh rəsmi gəliri yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər... “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşaqların saxlanması üçün aliment ödəmək öhdəliyini, uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, aliment təyin ediləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə müsbət təsirini, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun qismən razılığını, eləcə də iddiaçının (ana) uşaqların gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin rəsmi nikahından 27 yanvar 2010-cu ildə anadan olmuş X1 və 11 sentyabr 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 03 mart 2025ci il tarixdən etibarən hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. (Qeyd: Məhkəmə alimenti hər bir uşağa görə 180 manat, ümumilikdə 360 manat həddində müəyyən etmək qənaətinə gəldiyi üçün alimentin tutulması 03 mart 2025-ci il tarixdən başladığına görə 2025-ci il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə hesablama aparmışdır...) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin rəsmi nikahından 27 yanvar 2010-cu ildə anadan olmuş X1 və 11 sentyabr 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 03 mart 2025-ci il tarixdən etibarən hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul edildikdən sonra dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar