Məhkəmə qərarları › İş №2(072)-392/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-392/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-392/2024 09.07.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 18 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 10 avqust 2022-ci ildə “Ramin” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Beləliklə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-222/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 özünün yanında qalması və “Mediasiya prosesi nəticəsində bağlanılmış 09 fevral 2023-cü il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində alimentin özünün xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. Lakin Cavabdeh bu günədək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə əasən müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Özü heç bir yerdə işləmir, eləcə də uşağı saxlamaqda, onun gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin Cavabdeh yetkinlik yaşına çatmayan oğlan uşaqları Raminin qayğıları ilə maraqlanmır, ona ata qayğısı, nəvazişi göstərmir. Cavabdeh fərdi əmək ilə məşğul olur və onun müəyyən məbləğ qazancı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Ülvi yetkinlik yaşına çatmayan oğlan uşaqları Raminə layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir. Düzdür, özünün valideynləri də nənə-baba kimi ona maddi cəhətdən köməklik edir. Lakin bu hal Ülvini bir valideyn, bir ata kimi öz doğma övladını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehtiyacı vardır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, İddiaçı ilə 18 iyul 2022-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahlarından 10 avqust 2022-ci ildə “Ramin” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Beləliklə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 222/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 İddiaçı yanında qalması və “Mediasiya prosesi nəticəsində bağlanılmış 09 fevral 2023-cü il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay özünün qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. Lakin özü işləmir və maddi cəhətdən çətinlik çəkir. Ona görə də, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə əasən müəyyən edilmiş aliment məbləğini ödəyə bilmir. Hesab edir ki, İddiaçı tələb etdiyi aliment məbləği də yüksək həddədir. Onu da qeyd edir ki, o, ikinci dəfə “Tamaşa” adlı qadın ilə ailə qurmuş, birgə nikahlarından 09 aprel 2020-ci ildə “Amin” və 06 iyun 2024-cü ildə “Amil” adlı 2 (iki) oğlan uşağı anadan olmuşdur. Bu səbəbdən də, o, İddiaçı ilə rəsmi nikahlarından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi imkanı çatır. Bütün bunları nəzərə alaraq, iddia tələbinin təmin edilərək, rəsmi nikahlarından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay özünün qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 771076 №-li, 08 sentyabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 rəsmi nikahından 10 avqust 2022-ci ildə “X8” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-222/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 10 avqust 2022-ci ildə anadan olmuş X4 İddiaçı yanında qalması və “Mediasiya prosesi nəticəsində bağlanılmış 09 fevral 2023-cü il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 471634 №-li, 13 yanvar 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah 28 noyabr 2023-cü il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 50 № ilə qeyd edilmiş və nikah pozulduqdan sonra arvada “Azadlı” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 445186 №-li, 23 may 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 09 aprel 2020-ci ildə “X9” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 971913 №-li, 22 iyun 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 rəsmi nikahından 06 iyun 2024-cü ildə “X10” adında uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, aliment təyin ediləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə müsbət təsirini, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və razılığını, eləcə də iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və tərəflərin rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 16 may 2024-cü il tarixdən etibarən 180 (yüz səksən) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin rəsmi nikahından 10 avqust 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 16 may 2024-cü il tarixdən etibarən 180 (yüz səksən) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul edildikdən sonra dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar