Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1257/2025 05.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə faktiki evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Turan və xx.xx.2023-cü il təvəllüdlü Tərlan adlı uşaqları doğulmuşdur. Aralarında rəsmi nikahları olmadığından həmin uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən tərəflər ayrılmışlar. O (iddiaçı), uşaqları ilə birlikdə atasının evində yaşayır. Uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmir. İddiaçı işləmir, balaca uşağı isə xəstədir, xərcləri çoxdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışın surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan arayışların surətlərindən görünür ki, hər iki uşağın atası Cavabdeh hesab edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, iddiaçı aliment tələbi ilə mediasiya orqanına müraciət etmişdir, tərəflər razılığa gəlmədiklərinə görə müvafiq arayış təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Turan və xx.xx.2023-cü il təvəllüdlü Tərlan adlı uşaqları doğulmuşdur. Aralarında rəsmi nikahları olmadığından həmin uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən tərəflər ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə atasının evində yaşayır və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının xeyrinə hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin təyin edilməsinə dair tələbi tam təmin edilməməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasını təsdiq edən aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd olunan normalardan göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2021ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 12 mart 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbayca Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 mart 2025-ci ildən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 63.2 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1257/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1257/2025
05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver