Məhkəmə qərarları › İş №2(073)-1273/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1273/2023

07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1273/2023 07.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi barədə mülki işə Cəlilabad şəhərində 07 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 14 oktyabr 2015-ci il tarixdə anadan olmuş Səid Şükürovun və 01 iyul 2020-ci il tarixdə anadan olmuş Abbas Şükürovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə el adəti ilə ailə qurmuşdur. Nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il tarixdə Səid və xx.xx.2020-ci il tarixdə Abbas adlı iki övladı anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmış və ayrılmışlar. Uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir, onun gündəlik tələbatını ödəyə bilmir. Hazırda cavabdeh müxtəlif yerlərdə işləyir, aylıq gəlirləri müntəzəm olaraq dəyişir. Cavabdeh bu günə kimi uşağın gündəlik tələbatı, qidalanması, sağlamlığı, geyimi normal həyat tərzi keçirməsi üçün heç bir köməklik etmir. Bir valideyn kimi uşağı saxlamağa borcludur. Cavabdehin uşağın normal yaşaması üçün kifayət qədər aliment verməyə maddi imkanı vardır. O, məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh ilkin mediasiya sessiyasına gəlməmiş və bu barədə ona arayış təqdim olunmuşdur. Buna görə də cavabdehdən sabit pul məbləğində aliment tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respubikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə alimentin ödənilməsinin reallığı baxımından, cavabdehin maddi imkanını nəzərə alaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, 929/12 nömrəli arayışdan görünür ki, X4 14 oktyabr 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, 928/12 nömrəli arayışdan görünür ki, X3 01 iyul 2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan, 15 may 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı aliment tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiyaya dair 55 (əlli beş) manat xərci ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Milli Məclisin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə qoşulduğu BMT-nin «Uşaq hüquqları haqqında» 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynnin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan validyenin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, 14 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 01 iyul 2020ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni 30 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 14 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 01 iyul 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 30 may 2023-cü il tarixdən hesablansın. Ödənilməli olan 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar