Məhkəmə qərarları › İş №2(073)-1391/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1391/2025

05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1391/2025 05.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 yanvar 2010-cu il tarixdə anadan olmuş X1, 22 dekabr 2013-cü il tarixdə anadan olmuş X2, 01 yanvar 2017-ci il tarixdə anadan olmuş X3 və 14 iyun 2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək, hər ay hər uşağa görə 70 manat alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə verərək, iddianı etiraf etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə faktiki evlənmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Rüqayə, xx.xx.2013-cü il təvəllüdlü Rüfanə, xx.xx.2017-ci il təvəllüdlü Nuray və xx.xx.2020-ci il təvəllüdlü Rza adlı uşaqları doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə yaşayır və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon İHB-nın Cəngan kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon İHB-nın Cəngan kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan “Mediasiya prosesinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, iddiaçı aliment tələbi ilə mediasiya orqanına müraciət etmiş, tərəflər sonrakı mediasiya sessiya barəsində razılığa gəlmədiklərindən mediasiya baş tutmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Rüqayə, xx.xx.2013-cü il təvəllüdlü Rüfanə, xx.xx.2017-ci il təvəllüdlü Nuray və xx.xx.2020-ci il təvəllüdlü Rza adlı uşaqları doğulmuşdur. Aralarında rəsmi nikahları olmadığından həmin uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən tərəflər ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə yaşayır və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Cavabdeh iddianı etiraf edir, hər ay hər uşağa görə 70 manat ödəməyə razıdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, ilk növbədə, iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə, həmçinin hesab edir ki, aliment cavabdehdən pul məbləği ilə ifadə olunmuş manatla deyil, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının tərəflərin razılaşdıqları məbləğə münasibətdə misli həddində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 aprel 2025-ci ildən başlayaraq 03 yanvar 2010-cu il tarixdə anadan olmuş X1, 22 dekabr 2013- cü il tarixdə anadan olmuş X2, 01 yanvar 2017-ci il tarixdə anadan olmuş X3 və 14 iyun 2020-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məblləğinin 0.18 (sıfır tam yüzdə onda səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 54.56 (əlli dörd manat əlli altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar