Məhkəmə qərarları › İş №2(073)-1449/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1449/2025

03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1449/2025 03.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vətəndaşın sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vətəndaşın sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən onun (iddiaçının) sağlamlığına vurulmuş zərərə görə Cavabdeh 10000 (on min) manat maddi və 10000 (on min) manat mənəvi ziyanın alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı ünvan 1 ünvanda yaşayır. Ailəlilidir və üç övladı var. 2024-cü ilin iyun ayının əvvəllərində baş nahiyəsində ağrıları olduğu üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına getmiş, həmin vaxt xəstəxanının Təcili və Təxirəsalınmaz Yardım şöbəsinin feldşeri, adını sonradan bildiyi Cavabdeh ona iynə vurulmalı olduğunu bildirmişdir. Bundan sonra Sahil, sağ qolunun said nahiyəsinə bilmədiyi dərman preparatı və arxa əzələ nahiyəsinə diklofenak dərman preparatını vurmuşdur. Həmin iynə bədəninə vurulduqdan sonra sağ ayağının hərəkəti məhdudlaşmış, daha sonra ayağında keyləşmə getməyə başlamışdır. Bundan sonra bir neçə həkim qəbulunda olduqdan sonra həkimlər ona arxa əzələ nahiyəsinə dərman preparatının düzgün qaydada vurulmadığını, yəni iynə vurulan zaman iynənin onun sinir tellərinə toxunduğuna görə sağ ayaq nahiyyəsinin hərəkətinin məhdudlaşmasını bildirmişlər. Bundan sonra o, Masallı rayonu Təbabət Klinikasında elektroneyromioqrafiya müayinəsindən keçmiş və onda oturaq sinirin şaxələri olan n.perenois və n.tibialisin ağır dərəcəli aksonal neyropatiyası, sağ aşağı ayağın monoparezi olduğu müəyyən edilmişdir. Bununla bağlı bir neçə dəfə həkim müayinələrindən keçmiş və hər dəfə də verilən ümumi rəylər onda olan həmin problemin Cavabdeh tərəfindən vurulan inyədən sonra baş verməsi təsdiqini tapmışdır. Bu barədə o, Cəlilabad rayon prokuroluğuna müraciət etmiş və prokurorluq tərəfindən 27 yanvar 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda da göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizası keçirilmiş və ekspertin verdiyi rəylərdə fakt öz təsdiqini tapmışdır. Qeyd edilən səbəblərdən o, dəfələrlə müalicələr almış, onun müalicə xərcləri çıxmışdır. Bundan başqa o, mənəvi sarsıntı keçirərək iztirablar çəkmişdir. Himayəsində üç azyaşlı uşağı vardır. Heç bir yerdə işləyə bilmir. Hər dəfə ayağına baxdıqda həm mənəvi, həm də fiziki iztirablar çəkir. Bu hal onu artıq dözülməz həddə çatdırmışdır. Cavabdehin laqeydliyi onda artıq sarsıntılar əmələ gətirmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, bir neçə dəfə həkim müayinəsinə getmiş və müxtəlif müalicələr almışdır, lakin həmin müayinə və müalicə qəbzlərini və ya həkim reseptlərini saxlamamışdır. Yəni, dəymiş maddi zərərin həcmini müəyyən edəcək hər hansı sübutu yoxdur. Hesab etmişdir ki, cavabdeh və onun işlədiyi xəstəxanada onun müalicəsi aparılacaq və mübahisə öz aralarında həll olunacaq, buna görə də həmin qəbzləri saxlamamışdır. Hazırda da həmin müalicə və müayinə xərclərini təsdiq edəcək həmin sənədləri əldə etmək iqtidarında deyil. Ən azından indiyə qədər üç min manatdan çox vəsait xərcləyib. Cavabdehin bu səhv əməli nəticəsində ona həm də mənəvi zərər dəymişdir – iş qabiliyyəti məhdudlaşmışdır, ayağının birində digərinə nisbətən gözlə görünən fərqlər yaranmışdır və həkimlər tərəfindən ona bildirildiyinə görə tam müalicə Azərbaycanda mümkün deyil və xarici ölkələrdə mümkündür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon X3 və Təxirəsalınmaz Yardım şöbəsində feldşer, yəni tibb qardaşı işləyir. 2024-cü il iyul ayının 7-də iddiaçı xəstəxanaya müraciət edib. Təyinat veriblər, o (cavabdeh) da icra edərək iddiaçıya iynə vurub. İynədən sonra iddiaçı deyib ki, ayağında istilik var, həqiqətən də istilik olub. O (cavabdeh), digər həkimləri çağırıb və iynənin yerinə baxıblar. Daha sonra iddiaçı atası ilə gəlib səs-küy salıblar. İddiaçı ona dəfələrlə zəng vurub şikayət edib. 4 gün sonra iddiaçı ayağını isti kərpic ilə yandırıb, bütün ayağı suluq içində olub. İddianı əsassız hesab edir. Hesab edir ki, o (cavabdeh), həkimin göstərişini düzgün icra edib, iddiaçının ayağının yanması cavabdehin özünün apardığı səhv müalicə nəticəsində olub. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasının TTY şöbəsinə baş ağrısı və halsızlıq əlamətləri ilə müraciət etmiş, o, həkim müayinəsindən keçmiş və həkimin göstərişi ilə iddiaçıya cavabdeh tərəfindən zəruri dərman preparatları inyeksiya edilmişdir. Dərman preparatlarının növü və dozası norma daxilində olsa da cavabdeh tərəfindən inyeksiya texniki cəhətdən qüsurlu icra edilmişdir. Bu hal, yəni cavabdehin tibb qardaşı olaraq qüsurlu inyeksiya icra etməsi iş materialları ilə tam təsdiqini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi» X5 tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli rəydən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cəlilabad RMX PHŞ-nə müraciət etmiş və aparılmış obyektiv müayinə əsasında (anamnez və xəstənin şikayətləri) ona “Yumşaq toxumaların digər rubrikalarda təsnif olunmayan başqa xəstəlikləri” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq ambulator təyinat verilmiş və təyinat (Analgin 2.0+dimedrol 1.0, Pirasetam 5.0, Diklofenak 3.0.) icra edilmişdir. Tibbi yardımdan sonra xəstəyə məsləhət verilmiş və o, həmin gün evə buraxılmışdır. İlkin müdaxilə zamanı hər hansı bir ağırlaşmanın olduğu qeyd edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə X2 elektroneyromioqrafıya müayinəsindən keçmiş və onda “Oturaq sinirin şaxələri olan n.peroneus və n.tibialisin ağır dərəcəli aksonal neyropatiyası. Sağ aşağı ətrafın monoparezi (ayaq pəncənin)” olduğu müəyyən edilmişdir. Eyni zamanda şəxsin mütəxəssis müayinəsinə əsasən, ona “Oturaq sinirin zədələnməsi” diaqnozu təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış patoloji vəziyyət sarğı nahiyəsinə icra edilmiş texniki qüsurlu iynə inyeksiyası nəticəsində yanmışdır. İşdə olan Cəlilabad rayon prokurorluğunun 27 yanvar 2025-ci il il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ona düzgün tibbi yardım göstərilməməsi səbəbindən sağlamlığına ziyan dəyməsi barədə ərizəsi əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq şikayətlə əlaqəli cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cəlilabad rayon X1 X4 Şöbəsinin tibb qardaşı (feldşer) Cavabdeh xx.xx.2024-cü il tarixdə “Yumşaq toxumaların digər rubrikalarda təsnif olunmayan başqa xəstəlikləri” diaqnozu ilə Cəlilabad RMX PHŞ-nın TTY şöbəsinə müarciət etmiş İddiaçı “Diklofenak-3.1mq” dərman preparatını əzələ daxilinə inyeksiya etmiş, nəticədə sonuncuda hərəkət məhdudiyyəti yaranmışdır. inyeksiyanın texniki cəhətdən qüsurlu icrası ilə əlaqədar olaraq məsul şəxs feldşer Cavabdeh olmuşdur. Cavabdeh vəzifə təlimatında da həkim təyinatlarının düzgün yerinə yetirilməsinin təmin edilməsi qeyd olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh əməlini səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan cinayətlərin tərkib əlaməti kimi qiymətləndirmək mümkün olmamışdır. İşdə olan müxtəlif tarixli ambulator kitabçalardan (xəstəlik tarixindən) çıxarışlardan müəyyən edilir ki, iddiaçıya yuxarıda qeyd edilmiş ekspert rəyində göstərilən diaqnoz qoyulmuşdur, habelə iddiaçının qan və digər nümunələri laborator müayinələrdən keçirilmişdir. İddianın maddi zərər hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının maddi zərərə məruz qalması ağlabatan və inandırıcı olsa da onun tərəfindən həmin zərərin məbləği ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən ona bütün keçmiş dövr ərzində həkim reseptlərini təqdim edə biləcəyi halda məhkəmə tərəfindən müstəqil qiymətləndirici cəlb edilməsi və həmin xərclərin məbləğinin müəyyən edilməsi təklif edilsə də iddiaçı həmin reseptləri təqdim etməyin qeyri-mümkün olduğunu, həmin reseptləri saxlamadığını bildirmişdir. İş materiallarında yer alan tibbi sənədlər isə yalnız laborator müayinə nəticələri və tibbi göndərişlər ilə bağlıdır. Habelə iddiaçı iddia ərizəsində 10 min manat maddi zərər tələb etsə də məhkəmə iclasında verdiyi ifadəsində təxminən 3 min manatdan çox xərcinin çıxdığını bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, maddi zərərin məbləğinin müəyyən edilməsi hazırki halda qeyri-mümkün olduğundan iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın mənəvi zərər tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərara əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərara əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə hesab edir ki, cavabdehin yanlış, qüsurlu inyeksiya icra etməsi ilə iddiaçının sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və iztirab keçirməsi mübahisəsiz haldır. Buna görə də iddiaçının xeyrinə cavabdehdən mənəvi zərərin əvəzinin tutulması əsaslıdır. Mənəvi zərərin məbləği ilə bağlı isə məhkəmə hesab edir ki, işin halları və cavabdehin əmlak vəziyyəti, habelə tərəfindən törədilmiş deliktin ehtiyatsızlıqdan baş verməsi də nəzərə alınmaqla cavabdehdən 5000 manat mənəvi zərərin tutulması ağlabatan və ədalətli hesab oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar