Məhkəmə qərarları › İş №2(073)-1680/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1680/2023

07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1680/2023 07.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı X1 nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair idiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay əmək haqqının, qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin və xx.xx.2022-ci ildə anadan olmuş X7 3 (üç) yaşı tamam olana qədər, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci ilədək olan dövr üçün hər ay 200 (iki yüz) manat alimentin və mediasiya təşkilatına ödədiyi 55 (əlli beş) manat vəsaitin alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi X8 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı X6 ilə Cavabdeh faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci ildə Nəfəs adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlar görə tərəflər faktiki olaraq ayrılmışlar və ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş uşağı iddiaçının yanında qalmışdır. Uşaq azyaşlı olduğundan iddiaçı heç yerdə işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya köməklik gostərmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki evlənmişlər, nikahılarını isə xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci ildə Nəfəs adlı uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlar səbəbindən iddiaçı ilə ayrılmışlar və qızı Nəfəs iddiaçının yanında qalmışdır. Özü hərbi qulluqçudur və 680 manat əmək haqqı alır. Aldığı əmək haqqı ilə özünün və valideynlərinin maddi təminatını ödəməkdə çətinlik çəkir. Bununla belə, uşağına görə əmək haqqının 1/4 hissəsi miqdarında alimentin iuiulmasına etiraz etmir, lakin iddianı digər hissələrdə etiraf etmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Masallı regional «Asan xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2021-ci ildə nikahlarını bağlamışlar və nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci il ildə doğulmuşdur, atası Cavabdeh anası X3r. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X6 tərəfindən 55 (əlli beş) manat mediasiya xərci ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X6 ilə Cavabdeh faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci ildə Nəfəs adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlar görə tərəflər faktiki olaraq ayrılmışlar və ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş uşağı iddiaçının yanında qalmışdır. Uşaq azyaşlı olduğundan iddiaçı heç yerdə işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya köməklik gostərmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görəqazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə iddianın uşağın üç yaşı tamam olanadək iddiaçının özü üçün aliment tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçının ümumi uşağının doğulduğu gündən üç il ərzində cavabdehdən aliment tələb etməsi qanuni əsaslara söykənir və məhkəmə iddiaçının azyaşlı uşağın saxlanması üçün ona vəsait ödənilməsi barədə tələbini qismən əsaslı hesab edir. Məhkəmə hazırkı məsələyə ilk növbədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməlidirlər müddəasından yanaşır və qeyd edir ki, iddiaçının hazırkı tələbi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri baxımından ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, zəruri vəsaitə malik olduğu halda ərdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh işləyir və aylıq 680 (altı yüz səksən) manat əmək haqqı alır. Aldığı əmək haqqı ilə həm özünün, həm valideynlərinin maddi tələbatını ödəyir və hər ay uşağına əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, həmin yardımın edilməsi ilk növbədə uşaq barəsində ana tərəfindən hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqəlidir, yəni uşaq azyaşlı olduğundan ana vəzifələrini həyata keçirərkən kifayət qədər zamana malik olmalı və bu zaman ananın özünün qayğıları həmin vəzifənin həyata keçirilməsinə maneçilik törətməməlidir. Maddi yardıma ehtiycı olan ananın isə uşaq azyaşlı olduğundan işləmək imkanları məhdud olduğu halda ehtiyacların təmin edilməsi məqsədi ilə işləməsi uşaq barədə vəzifələrini kifayət qədər yerinə yetirməməsi ilə nəticələnə bilər ki, bu da ilk növbədə uşağın mənafeyinə ziddir. Məhkəmə iddiaçının işləmədiyini, himayəsində azyaşlı uşağının olduğunu və bu səbəbdən işləmək imkanlarının məhdud olmasını nəzərə alır və hesab edir ki, hal-hazırda cavabdehdən Nəfəs adlı uşaq 3 yaşına çatanadək iddiaçının özünə 100 (bir yüz) manat miqdarında alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan 52.4 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 19 iyul 2023-cü ildən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və həmin uşağın 3 (üç) yaşı tamam olanadək iddiaçının özü üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilsin. Cavabdeh mediasiya üçün ödənilmiş 55 (əlli beş) manat xərc tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 52.4 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar