Məhkəmə qərarları › İş №2(073)-173/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-173/2023

18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-173/2023 18.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 19 iyul 2014-cü ildə doğulmuş X4, 23 iyun 2018-ci ildə doğulmuş X5 və 05 iyun 2020-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 19 iyul 2014-cü ildə doğulmuş X4, 23 iyun 2018-ci ildə doğulmuş X5 və 05 iyun 2020-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair iddia üzrə ərizəsi ilə məhkəməyə müraciət edərək tələb üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh faktiki nikah bağlamaqla evlənmişlər, nikahlarını isə 18 dekabr 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 19 iyul 2014cü ildə X8, 23 iyun 2018-ci ildə X9 və 05 iyun 2020-ci ildə isə X10 adlı uşaqları doğulmuşdur. Onlar əvvəllər uzun müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Ayrıldıqdan sonra neçə müddətdir ki, iddiaçı cavabdehdən ayrılmış və uşaqları ilə valideynlərinin himayəsində yaşayırlar. İddiaçı uşaqlarına baxdığı üçün, hazırda heç yerdə işləmir və uşaqlarının maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdehin maddi imkanı normaldır və uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh könüllü olaraq uşaqlarının maddi cəhətdən saxlanmasında iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 18 dekabr 2013-cü il tarixli, AZ-İ 853979 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 18 dekabr 2013-cü il tarixdə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra Təhminə Abdullayeva «İbrahimova» soyadınl götürmüşdür. işdə olan AZE 18866339 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 19 iyul 2014-cü ildə doğulmuşdur. İşdə olan AZE 18866340 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 23 iyun 2018-ci ildə doğulmuşdur. İşdə olan AA2412822 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 05 iyun 2020-ci ildə doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ailə həyatı qurmuş, nikahlarını isə 18 dekabr 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 19 iyul 2014-cü ildə X8, 23 iyun 2018-ci ildə X9 və 05 iyun 2020-ci ildə isə X10 adlı üç övladları anadan olmuşdur. İddiaçının cavabdehlə ailə münasibətləri pozulduğu üçün sonradan ayrılmış və aralarında olan nikaha xitam verilmişdir. İddiaçı ilə cavabdeh hazırda ayrı yaşayırlar. Uşaqlar iddiaçının himayəsində yaşayırlar. İddiaçı heç yerdə işləmir, uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir və cavabdehin köməyinə ehtiyacı vardır. Cavabdeh isə uşaqların saxlanmasında könüllü olaraq iddiaçıya maddi cəhətdən kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 193 manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda Cavabdeh aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və İddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, Cavabdeh tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqi tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını, tərəflərin rəsmi olaraq heç yerdə işləmədiklərini nəzərə alır və hesab edir ki, hazırda Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Belə ki, iddiaçı Vüsalə Hüseynova tələb etdiyi həmin xərclərin əsası kimi uşaqların evdə təhsil və müalicə aldıqlarını, bundan başqa cavabdehin şəxsi təsərrüfatının olduğunu, təsərrüfatında iri və xırda buynuzlu mal-qaranın olduğunu, aylıq qazancının 2000-3000 manat olduğunu və həmin xərcləri ödəmək iqtidarında olduğunu bildirsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 28 oktyabr 2022-ci il tarixdən başlayaraq 19 iyul 2014-cü ildə doğulmuş X4, 23 iyun 2018-ci ildə doğulmuş X5 və 05 iyun 2020-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 66,80 (altmış altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar