Məhkəmə qərarları › İş №2(073)-1876/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1876/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1876/2024 25.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Mirzəbaba oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Mirzəbaba oğlunun Cavabdeh qarşı Cavabdeh 5000 manat mənəvi zərərin və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Mirzəbaba oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat mənəvi zərərin və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mirzəbaba oğlu iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayon Əsədli kəndində yaşayır. xx.xx.2022-ci il tarixdən 1154 saylı əmrlə Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. Cavabdeh xx.xx.2015-ci il tarixdən Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbində texniki işçi vəzifəsində işləmişdir və onun cavabdehlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmadığı ilə bağlı aktlar tərtib edilmiş və bu səbəbdən də cavabdehin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən və əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xx.xx.2023-cü il tarixli 96 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdehla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh əsassız olaraq 24 noyabr 2023-cü il tarixdə, 29 noyabr 2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə şər və böhtan xarakterli ərizələrlə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət edərək onu müəllimlərdən, texniki işçilərdən rüşvət almaqda ittiham etmiş və bunu da guya məktəbin texniki işçilərinin işə gəlməməsi və onların əmək haqlarını mənimsəməsi ilə əsaslandırmışdır. Belə şər və böhtan xarakterli ərizələr onun mənəviyyatına toxunur. Cavabdeh qeyd etdiyi ərizələrlə kifayətlənməyib, X4 Xidmətinin X1 də müraciət edərək guya o, cavabdehi qanunsuz olaraq işdən kənarlaşdırmışdır. Əsil həqiqətdə isə cavabdeh özünün hüquqa zidd əməlləri nəticəsində əmək qanunvericiliyinə əsasən işdən kənarlaşdırılmışdır. Cavabdeh Cəlilabad rayon prokuroruğuna da ərizə ilə müraciət edərək guya “o, hər ay cavabdehdən və digər texniki işçilərdən rüşvət qismində pul vəsaiti alaraq onların qanunsuz əməllərinə göz yummuş və məktəbdə özbaşınalıq etmiş, digər qanunsuz əməllərlə məşğul olmuşdur”. Cavabdeh bu ərizəsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmış 11,03.2024-cü il tarixdə cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdehin onun barəsində yazdığı digər ərizələrində də qeyd etdiyi məlumatlar yalan olduğundan müvafiq arayışla iş materiallarına əlavə edilərək arxivə göndərilmişdir. Cavabdeh hər bir ərizəsi əsasında o, müxtəlif vaxtlarda Regional Təhsil Şöbəsinə çağırılmış, həmin ərizələr üzrə izahatları alınmış və hər dəfə də arzuolunmaz vəziyyətə düşmüşdür. Bununla da onun şərəf və ləyaqəti alçaldılmışdır. Cavabdeh hər dəfə yazdığı şər və böhtan xarakterli ərizələri əsasında icraçılara izahat verərkən ürək ağrısı çəkmiş, arzuolunmaz vəziyyətə düşmüş və günü-gündən sarsılmışdır. Cavabdeh tərəfindən şər və böhtana məruz qalaraq, rüşvət almaqda ittiham edilməklə, el arasında şərəf və ləyaqəti alçaldılmışdır. Artıq cavabdehin bu hərəkətləri nəticəsində özünü pis hiss edir, tez-tez qan təzyiqinin artması ilə əlaqədar tibbi yardımla bağlı tibb müəssisələrinə müraciət etmişdir. Beləliklə, Cavabdeh tərəfindən xüsusilə ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Mənəvi zərər qeyri - əmlak hüquqlarının pozulmasıdır. Hazırda hüquqi bir dövlətdə yaşadığından, qeyd edilənlərin artıq hər hansı bir hüquqi yolu olduğundan və onunla cavabdeh arasında mübahisənin daha da münaqişəli bir vəziyyətə çatmaması, mübahisənin daha da gərginləşməsi və gələcəkdə bu kimi halların qarşısının alınması səbəbindən məcbur qalıb məhkəməyə müraciət etmiş ki, məsələ hüquqi müstəvidə həll edilsin. Bu səbəbdən də o, şərəf və ləyaqətinin müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayon Əsədli kəndində yaşamaqla, xx.xx.2015-ci il tarixdən 01 noyabr 2023cü il tarixədək Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbində texniki işçi vəzifəsində işləmişdir. Lakin Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbinin diroktoru İddiaçı Mirzəbaba oğlu tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 96 saylı əmrə əsasən qanunsuz olaraq işdən çıxarılmışdır. O, iddiaçı barəsində olanları, yəni düzünü yazmış. Bir vətəndaş kimi haqlı olaraq iddiaçı barəsində aidiyyatı orqanlara müraciət etmişdir. İddiaçı barəsində ilk əvvəl müvafiq orqanlara müraciət etmiş, lakin məhkəmə araşdırması dövründə heç bir orqana müraciət etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh İddiaçı Mirzəbaba oğlunu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını talamaqda ittiham etmişdir. İş materialında olan Cavabdeh tərəfindən Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, Cavabdeh İddiaçı Mirzəbaba oğlunu rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişdir. İş materialında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vitse Prezidentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı Mirzəbaba oğlu haqqında “İddiaçı məktəbi öz dədəsinin mülki kimi hesab edir” ifadəsini qeyd etmişdir. İş materialında olan Cəlilabad rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ələsgərov X2 rayon prokurorluğuna müraciət edərək, əsassız olaraq Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbi tərəfindən işdən azad olunduğunu və həmin məktəbin direktoru İddiaçı Mirzəbaba oğlunun ondan və məktəbin digər texniki işçilərindən hər ay rüşvət qismində pul vəsaiti tələb etdiyini qeyd etmişdir. Müraciət əsasında toplanmış 27 C-24 nömrəli materialda hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 96 saylı əmrdən görünür ki, 01 fevral 2015-ci il tarixdən məktəbin 10 nömrəli əmri ilə məktəbə texniki işçi qəbul edilmiş Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Beləliklə, Cavabdeh tərəfindən olunmuş müraciətlərdən görünür ki, Cavabdeh İddiaçı Mirzəbaba oğlunun ünvanına şərəf və ləyaqəti ləkələyən məlumatlar bildirmiş və yaymışdır. Cavabdeh İddiaçı Mirzəbaba oğlunun barəsində dövlət orqanlarına ünvanlamış ərizələrində qeyd etdiyi fikirlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək, müəyyən etdi ki, Cavabdeh həmin ifadələrində İddiaçı Mirzəbaba oğlunun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmiş, nəticə etibarı ilə cavabdehin yalan fikirləri Azərbaycan Respublikasını MM-nin 23-cü maddəsi (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) ilə nizamlanan hüquq münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətini dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini və ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə idiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı Mirzəbaba oğlunun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış və iddiaçını əsassız olaraq rüşvətxorluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını talamaqda ittiham etmişdir. Məlumatlardan isə görünür ki, ifadə olunmuş fikirlər İddiaçı Mirzəbaba oğlunun şərəf və ləyaqətini ləkələyir, həmin yalan məlumatlar cəmiyyətdə iddiaçı haqda mənfi təsəvvürlərin formalaşmasına səbəb olur, bu da belə deməyə əsas verir ki, həmin düzgün olmayan məlumatlar iddiaçının şərəf və ləyaqətinə toxunur, onun işgüzar nüfuzuna xələl gətirir və mənəvi sarsıntılar keçirməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının Vitse Prezidentinə, Təhsil Nazirliyinə və Cəlilabad rayon prokurorluğuna İddiaçı Mirzəbaba oğlunun ünvanına şərəf və ləyaqətin alçaldan, işgüzar nüfuzuna ləkə gətirən və həqiqətə uyğun olmayan məlumatlar əks etdirən əsassız ərizələr yazması nəticəsində Cavabdeh 500 manat məbləğində vurulmuş mənəvi zərər alınıb İddiaçı Mirzəbaba oğluna verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Mirzəbaba oğluna verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat alınıb İddiaçı Mirzəbaba oğluna verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat Cavabdeh alınaraq İddiaçı Mirzəbaba oğluna verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar