Məhkəmə qərarları › İş №2(073)-1892/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1892/2025

26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1892/2025 26.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2008ci il təvəllüdlü X1 və 22 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(073)- 2207/2018 saylı qətnaməsi və Cəlilabad Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(073)-144/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(073)-2207/2018 saylı qətnaməsinə əsasən 27 aprel 2008-ci il təvəllüdlü X1 və 22 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin aliment hər ay onun əmək haqqısından çıxılırdı. Sonradan Cavabdeh müraciəti əsasında Cəlilabad Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(073)- 144/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(073)-2207/2018 saylı qətnaməsinə əsasən tutullan alimentin məbləği indeksasiya olunmuş və indeksasiya olunduqdan sonra hər uşağa görə alimentin məbləği 276 manat olmaqla, cəmi 552 manat olmuşdur. Bu məbləği onun ödəməsi qeyri-mümkündür. Çünki o, Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbdə müddətsiz əmək müqaviləsi ilə müəllim işləyir və əvvəllər 180 manat aliment tutulduqdan sonra 480 manat əmək haqqı alırdı, indi isə 552 manat aliment tutulduqdan sonra 108 manat əmək haqqı alır. Bu pulla özünün və ailəsinin dolanışığını təmin etməsində çətinlik çəkir. Belə ki, o, yenidən ailə qurmuş və yeni evliliyindən də iki uşağı var. Cavabdeh müəlliş işləyir və 1500 manatdana artıq əmək haqqı alır. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(073)- 144/2025 saylı qərardadı ilə, ərizə təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(073)-2207/2018 saylı icra vərəqəsi üzrə 27 aprel 2008-ci il təvəllüdlü X1 və 22 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində (hər uşağa ayrı-ayrılıqda) indeksasiya olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 34 nömrəli arayışdan görünür ki, İddiaçı Cəlilabad şəhər 4 nömrəli orta məktəbdə müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyir və onun əsas dərs saatı üzrə nəğd aldığı əmək haqqı aliment tutulması çıxılandan sonra 480,05 (dörd yüz səksən manat beş qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı 27 aprel 2008-ci il təvəllüdlü X1 və 22 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(073)-2207/2018 saylı qətnaməsi və Cəlilabad Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(073)-144/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması barədə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar