Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1986/2025 15.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 fevral 2014-cü ildə doğulmuş X6, 05 avqust 2015-ci ildə doğulmuş X4, 13 mart 2018-ci ildə doğulmuş X5 və 24 fevral 2025-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödənilmiş 60 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, körpə uşaqlarının olduğu nəzərə alınaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq ərizəsində göstərmişdir ki, Cavabdeh ilə el adəti ilə ailə qurmuş, nikahlarını 28 avqust 2012-ci il tarixində rəsmiləşdirmişlər. Birgə nikahlarından 13 fevral 2014-cü ildə doğulmuş X10, 05 avqust 2015-ci ildə doğulmuş X8, 13 mart 2018-ci ildə doğulmuş X9 və 24 fevral 2025-ci ildə doğulmuş X7 adlı dörd övladları vardır. Nikahları Cəlilabad Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(073)-307/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra cavabdehlə uşaqlara xatir barışıb bir yerdə yaşamış və 2025-ci ildə Aylin adlı qızları doğulmuşdur. Buna baxmayaraq yenə aralarında anlaşılmamazlıq olmuş və faktiki olaraq ayrılmışlar. O, artıq uzun müddətdir ki, uşaqlarla birlikdə valideynlərinin yanında yaşayır və uşaqların bütün tələbatlarını özü ödəyir. Cavabdeh uşaqların saxlanılmasında köməklik göstərmir. O, mübahisənin mediasiya qaydasında həll edilməsi üçün ilkin mediaya sessiyasında işirak etmiş və mediasiya xərcini ödəmişdir. Lakin cavabdeh tərəfindən razılıq əldə olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, İddiaçı ona qarşı sabit pul məbləğində aliment tələbinə dair iddianı etiraf edir. İşinin nəzərə alınmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE 12324093 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 13 fevral 2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZE 12776846 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 05 avqust 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 13 mart 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İ 483531 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24 fevral 2025-ci ildə X1 doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 07 mart 2025-ci il tarixli, 126 nömrəli qeyd aparılmışdır. İşdə olan AZ-V № 101623 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 fevral 2025-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(073)-307/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Cəlilabad Rayon Qeydiyyat Şöbəsində 26 noyabr 2023-cü il tarixdə, 674 saylı akt qeydi əsasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 15 fevral 2014-cü il təvəllüdlü X6, 05 avqust 2015-ci il təvəllüdlü X4 və 13 mart 2018-ci təvəllüdlü X5 anası İddiaçı yanında qalmaları qət edilmişdir. İş materiallarında olan Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 05 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00349 saylı arayışdan görünür ki, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh qarşı aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər el adəti ilə ailə qurmuş, nikahlarını 28 avqust 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 13 fevral 2014-cü ildə doğulmuş X10, 05 avqust 2015-ci ildə doğulmuş X8, 13 mart 2018-ci ildə doğulmuş X9 və 24 fevral 2025-ci ildə doğulmuş X7 adlı dörd övladları vardır. Nikahları Cəlilabad Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(073)-307/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra cavabdehlə uşaqlara xatir barışıb bir yerdə yaşamış və 2025-ci ildə Aylin adlı qızları doğulmuşdur. Buna baxmayaraq yenə aralarında anlaşılmamazlıq olmuş və faktiki olaraq ayrılmışlar. İddiaçı artıq uzun müddətdir ki, uşaqlarla birlikdə valideynlərinin yanında yaşayır və uşaqların bütün tələbatlarını özü ödəyir. İddiaçı heç yerdə işləmir, uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə uşaqlarının maddi cəhətdən saxlanılmasında iddiaçıya heç bir köməklik etmir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olması məhkəmə iclasında öz təsdiqi tapdığından, iddia tələbinin tam həcmdə təmin olunması tərəflərin mənafeyinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 13 fevral 2014-cü ildə doğulmuş X6, 05 avqust 2015-ci ildə doğulmuş X4, 13 mart 2018-ci ildə doğulmuş X5 və 24 fevral 2025-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tələbində haqlıdır. Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, 05 iyun 2025-ci ildən alimentin tutulmasına başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Milli Məclisin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə qoşulduğu BMT-nin «Uşaq hüquqları haqqında» 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynnin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, 05 iyun 2025-ci il tarixdən başlayaraq 13 fevral 2014-cü ildə doğulmuş X6, 05 avqust 2015-ci ildə doğulmuş X4, 13 mart 2018-ci ildə doğulmuş X5 və 24 fevral 2025-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 68 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. 05 iyun 2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan 13 fevral 2014-cü ildə doğulmuş X6, 05 avqust 2015-ci ildə doğulmuş X4, 13 mart 2018-ci ildə doğulmuş X5 və 24 fevral 2025-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissədə dərhal icra edilsin. Cavabdeh 68 (altımış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 60 (altımış) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1986/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1986/2025
15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver