Məhkəmə qərarları › İş №2(073)-2077/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2077/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2077/2024 09.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2023-cü ilin yanvar ayından başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay cavabdehin aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin, həmçinin uşağının 3 yaşına çatanadək onun (iddiaçının) saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin və mediasiya xərcinə görə ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərdi ki, İddiaçı onun bacısıdır. İddiaçı Cavabdeh ilə 2021-ci ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Nikahları olmadığı üçün xx.xx.2022-ci il tarixdə uşağın atalığı müəyyən edilmişdir. Cavabdehlə 2023-cü ilin yanvar ayında ailə münasibətləri pozulduğundan ayrılmışlar və həmin vaxtdan iddiaçı valideynlərinin yanında yaşayır. Cavabdeh hazırkı vaxtadək uşağın saxlanması üçün maddi köməklik göstərməmiş, valideynlik vəzifəsini yerinə yetirməmişdir. İddiaçı uşağı təkbaşına valideynlərinin köməkliyi ilə saxlayır, uşağın maddi tələbatını valideynləri qarşılayır. Uşağın tələbatları getdikcə artmaqdadır. Cavabdeh Cəlilabad şəhər Nizami adına 1 saylı Humanitar və təbiət fənləri təmayülü lisey-məktəbində müəllim işləyir və aylıq 1200 manat əmək haqqı alır. Həmçinin, iddiaçı cavabdehlə 2023-cü ilin yanvar ayından ayrılmışlar və buna görə də cavabdeh həmin vaxtdan hazırkı dövrədək olan alimenti də ödəməlidir. Bundan başqa, uşağın 3 yaşınadək cavabdeh iddiaçı üçün vəsait ödəməlidir, çünki, uşaq körpədir və iddiaçının işləməyi mümkün deyildir, həmçinin, uşaq xəstədir, iddiaçı uşağa baxır və onun tələbatlarını qarşılayır. Alimentlə bağlı iddiaçı mediasiya prosesində iştirak etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyi iddia ərizəsinə etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı məhkəmədə ona qarşı sabit pul məbləğində aliment tələbi barədə iddia qaldırmışdır. İddia ərizəsi ilə razı deyil. O, iddiaçı ilə rəsmi nikah olmadan ailə qurmuş, nikahlarını isə rəsmiləşdirməmişlər. Uşağın atalıq faktı sonradan müəyyən edilmişdir. İddiaçı uşaqla ünsiyyət saxlanmasında ona mane olur. İddia ərizəsində uşaq üçün tələb edilən alimentin tutulmasının əvvəlinin 2023-cü ilin yanvar ayından hesablanmasını və uşağın 3 yaşına çatanadək iddiaçının özünə də hər ay 200 manat aliment tələbini əsassız hesab edir. Birgə nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 200 manat aliment ödəyə bilər. O, hər ay banka kredit ödəyir. Bundan başqa xəstə atası onun himayəsindədir və atasını da o, müalicə etdirir. Odur ki, iddianın qismən təmin edilərək uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV № 733814 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 05 may 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 476939 nömrli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı aliment tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiyaya dair xərci ödəmişdir. Lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, Cavabdeh müəllim işləyir və aylıq əmək haqqı 1163.4 (bir min yüz altmış üç manat qırx qəpik) təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah olmadan ailə qurmuş, birgə yaşadıqları müddətdə xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan 2023-cü ilin yanvar ayında ayrılmışlar və həmin vaxtdan iddiaçı azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallarnəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün tələb edilən alimentin miqdarı hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin uşağın üç yaşına çatanadək iddiaçının özünə də hər ay 200 manat məbləğində aliment verilməsi hissəsinə qiymət verərək hesab edir ki, aliment iddiaçının deyil, uşağın saxlanılması üçün ödənildiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü müəyyən edilən alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsində qeyd etdiyi vaxtdan yəni, 2023-cü ilin yanvar ayından deyil, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Yəni, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 12 iyul 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddətinin əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən yəni 12 iyul 2024-cü ildən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manatı Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Alimentin tutulması 12 iyul 2024-cü il tarixdən hesablansın. Ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manatı Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar