Məhkəmə qərarları › İş №2(073)-2181/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2181/2025

02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2181/2025 02.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 20 avqust 2008-ci il təvəllüdlü X2, 08 aprel 2011-ci il təvəllüdlü X3, 23 oktyabr 2019-cu il təvəllüdlü X1 və 28 fevral 2024-cü il təvəllüdlü Soltanov Məhəmməd-Əli Ruslanoviçin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, 800 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, bu səbəbdən də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, xx xxxxxxx 1989-cu il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Cavabdeh ilə faktiki evlənmişdir. Nikahlarını isə 25 noyabr 2008-ci il tarixində rəsmiləşdirmişlər. Birgə nikahlarından 20 avqvust 2008-ci il tarixində Gülnar, 08 aprel 2011-ci il tarixində Kənan, 23 oktyabr 2019-cu il tarixində Nurlana və 28 fevral 2024-cü il tarixində Soltanov Məhəmməd-Əli Ruslanoviç doğulmuşdur. Cavabdeh ailə qurduqdan sonra uzun müddət normal yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün faktiki ayrılmışlar. Aralarında olan nikah Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların onun yanında qalması qət edilmişdir. Hazırda cavabdehlə ayrı yaşayırlar. Özü heç yerdə işləmir. Cavabdeh isə uşaqlarına heç bir maddi köməklik göstərmir. Cavabdehin maddi imkanı yaxşıdır və uşaqlarına tələb olunan məbləğdə alimenti ödəmək iqtidarındadır. Cavabdeh könüllü olaraq uşaqlarının saxlanılmasında ona köməklik etmədiyi üçün məcbur qalaraq aliment tələbinin sabit pul məbləğində tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək məhkəməyə bununla bağlı ərizə təqdim edib, birgə nikahlarından doğulmuş 20 avqust 2008-ci il təvəllüdlü X2, 08 aprel 2011-ci il təvəllüdlü X3, 23 oktyabr 2019-cu il təvəllüdlü X1 və 28 fevral 2024-cü il təvəllüdlü Soltanov Məhəmməd-Əli Ruslanoviçin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə İddiaçı hər uşaq üçün ayda 200 manat olmaqla, cəmi 800 manat manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AA5376411 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 20 avqust 2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur. İşdə olan AA1702701 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 08 aprel 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur. İşdə olan AA3113817 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 23 oktyabr 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdehdur. İşdə olan Rusiya Federasiyasının Tümen vilayətinin Tümen şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, İİİ-FR 527317 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Soltanov Məhəmməd-Əli Ruslanoviç 28 fevral 2024-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(073)-1272/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Cəlilabad rayon Qeydiyyat şöbəsində bağlanmış 25 noyabr 2008-ci il tarixli, 412 saylı nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 30 iyun 2025-ci il tarixdən başlayaraq 20 avqust 2008-ci il təvəllüdlü X2, 08 aprel 2011-ci il təvəllüdlü X3, 23 oktyabr 2019-cu il təvəllüdlü X1 və 28 fevral 2024-cü il təvəllüdlü Soltanov Məhəmməd-Əli Ruslanoviçin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 116 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. 03 iyun 2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan 20 avqust 2008-ci il təvəllüdlü X2, 08 aprel 2011-ci il təvəllüdlü X3, 23 oktyabr 2019-cu il təvəllüdlü X1 və 28 fevral 2024-cü il təvəllüdlü Soltanov Məhəmməd-Əli Ruslanoviçin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissədə dərhal icra edilsin. Cavabdeh 116 (bir yüz on altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar